«Access Bank»ın mənfəəti son bir ildə 9% artıb

«Access Bank»ın mənfəəti son bir ildə 9% artıb
# 24 oktyabr 2012 11:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Access Bank» QSC-nin 2012-ci ilin yanvar-sentyabr aylarında əldə etdiyi mənfəətin həcmi 15,356 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 13,2% artaraq 73,906 mln. manat, o cümlədən faiz gəlirləri 5,1% artaraq 66,483 mln. manat, qeyri-faiz gəlirləri 4 dəfə artaraq 7,422 mln. manat olub.

Bu müddət ərzində bankın xərcləri 14,5% artaraq 58,550 mln. manat, o cümlədən faiz xərcləri 4,6% azalaraq 18,552 mln. manat, qeyri-faiz xərcləri isə 26,3% artaraq 39,998 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın faiz mənfəəti 9,3% artaraq 47,931 mln. manata, qeyri-faiz zərəri isə 9,2% artaraq 32,575 mln. manata çatıb.

Xatırladaq ki, «Access Bank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 34 filialı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR