Əvəz Zeynallının həbsi ilə bağlı yaradılmış Preventiv Cavab Qrupu mətbuat konfransı keçirib

Əvəz Zeynallının həbsi ilə bağlı yaradılmış Preventiv Cavab Qrupu mətbuat konfransı keçirib
# 23 may 2012 11:56 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə -APA. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsi ilə bağlı yaradılmış Preventiv Cavab Qrupu bu gün mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən qrupun rəhbəri Əfqan Muxtarlı Ə. Zeynallının barəsində olan cinayət işi haqqında məlumat verib: “Əvəz Zeynallı yeddi aydır ki, həbsdədir. Həmin vaxt ərzində Preventiv Cavab Qrupu yaradılıb. Biz bu müddət ərzində bir sıra araşdırmalar aparmışıq. Əvəz Zeynallı həbsdə olarkən Nərimanov rayon Məhkəməsi “Baltika” MMC-nin “Xural” qəzetinə qarşı olan iddiasını təmin edərək, qəzeti 50 min manat cərimələyib. Lakin həmin proses zamanı qəzet tərəfdən heç kimə məlumat verilməyib. Bu da qanuna ziddir. Bundan əlavə qəzetdə səyyar vergi yoxlamalarına başlanıldı. Əvəz Zeynallının həbs olunması və ona verilən ittihamların heç bir əsası yoxdur”.

Ə. Zeynallının vəkili Mənsum Bayramov isə Ə. Zeynallının müdafiə hüququnun məhdudlaşdırıldığını, müdafiə tərəfindən verilən vəsatətlərin heç birinin təmin olunmadığını bildirib: “İbtidai istintaq tərəfindən ifadələri ziddiyyət təşkil edən şəxslərdən heç biri ilə üzləşmə keçirilməyib. Məhkəmənin hazırlıq iclasında verilən vəsatətlər təmin edilməyib”.

Qeyd edək ki, Ə. Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR