Xəzərin ekoloji vəziyyətinə dair Bakı-Moskva-Astana telekörpüsü keçirilib

Xəzərin ekoloji vəziyyətinə dair Bakı-Moskva-Astana telekörpüsü keçirilib
# 31 oktyabr 2012 08:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün “RİA-Novosti” Beynəlxalq İnformasiya Agentliyinin Bakı ofisində Xəzərin ekoloji vəziyyətinə dair Bakı, Moskva və Astana arasında telekörpü keçirilib.

APA-nın məlumatına görə, telekörpüyə Moskvadan Rusiya Elmlər Akademiyası Dinamiki Geosfer və Okeanologiya İnstitutunun baş elmi işçisi Boris Qolubov, Yerin öyrənilməsi üzrə ekspert Aleksey Kuçeyko, Bakıdan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttarzadə, ETSN-in Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov, Ekoloji Proqnozlar Milli Mərkəzinin prezidenti Telman Zeynalov, Astanadan Qazaxıstanın “Tabiqat” Ekoloji Assosiasiyasının rəhbəri Mels Eleusizov, Qazaxıstan Məclisinin ekoloji və təbii sərvətlər üzrə komitəsinin sədri Aleksandr Milyutin qatılıblar. Telekörpü Xəzərin təbii sərvətlərinin qorunması üzrə Tehran Konvensiyasının qəbulunun 19-cu ildönümünə həsr olunub.

A.Kuçeyko Xəzərin bu kimi problemlərinin həlli məqsədilə vahid kosmik monitorinqin aparılması təşəbbüsü ilə çıxış edib. O deyib ki, Xəzəryanı dövlətlərin hər biri ayrı-ayrılıqda kosmik monitorinqlər aparır və vəziyyəti analiz edir. Tehran Konvensiyası çərçivəsində isə bu səyləri birləşdirib vahid kosmik monitorinq həyata keçirmək mümkündür. Onun sözlərinə görə, səylərin bu şəkildə birləşdirilməsi digər istiqamətlər üzrə də vahid addımların atılmasına təkan ola bilər: “Vahid kosmik monitorinqin aparılması bizə sonrakı proseslərdə Xəzərin problemlərinə açıq gözlə baxmağa kömək edəcək”.

B.Qolubov isə Xəzərin ekoloji vəziyyətinin pisləşməsində Azərbaycan tərəfini ittiham edib. Onun fikrincə, Xəzərdə neft hasilatı ekoloji vəziyyəti çətin duruma salıb.

R.Səttarzadə isə ittihamlara cavab verərək deyib ki, Xəzərin çirklənməsinin əsas səbəblərindən biri ətraf infrastrukturun ekoloji vəziyyəti nəzərə almamasıdır: “Sahilyanı ölkələrin sənaye müəssisələri və yaşayış məntəqələrinin tullantıları Xəzərə atılır”.

M.Eleusizov diqqəti Xəzərdəki canlı aləmlə bağlı yaranan problemlərə toxunub. O, Xəzərin fauna və florasının heç də yaxşı vəziyyətdə olmadığını söyləyib. Qazaxıstanlı ekspertin sözlərinə görə, nadir balıq növlərinin sayının azalması Xəzərdə ciddi ekoloji durumun yaranmasına bir işarədir. O, bu vəziyyətdən çıxış yolu kimi sənaye tullantılarının Xəzərə atılmasının qismən də olsa qarşısının alınmasının vacibliyini vurğulayıb.

Azərbaycandan olan ekspert Telman Zeynalov Xəzərdəki ekoloji durumun qənaətbəxş olmamasının səbəblərini sahilyanı ölkələrin siyasi iradə nümayiş etdirməməsində gördüyünü açıqlayıb. O deyib ki, bu problemin həlli statusun müəyyənləşməsindən, siyasi oyunların dayandırılmasından və ekoloji məsələlərlə bağlı Konvensiyanın müddəalarının əməl olunmasından sonra mümkün olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR