Azərbaycanda 1400-dən çox hemofiliyalı xəstə qeydiyyatdadır

Azərbaycanda 1400-dən çox hemofiliyalı xəstə qeydiyyatdadır
# 17 aprel 2012 12:41 (UTC +04:00)
Bakı. Sevil Zeynnalqızı - APA. Bu gün Ümumdünya hemofiliya günüdür. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanda 1400-dən çox hemofiliyalı xəstə qeydiyyatdadır. Ötən il 50 nəfərdən çox hemofiliyalı xəstədə müxtəlif cərrahi əməliyyatlar həyata keçirilib. Məlumatda bildirilir ki, 2011-2015-ci illər üçün Dövlət Proqramının icrasının təmin edilməsi üçün Səhiyyə Naziri Oqtay Şirəliyevin əmri ilə təsdiq edilmiş Tədbirlər Planında faktor konsentratları ilə təminat və hemofiliyalı xəstələrin registrinin yaradılması nəzərdə tutulur. Xəstələrin məlumat bazası olan registr bu məlumatları ölkənin bütün bölgələrindən toplayaraq vahid sənəd şəklində formalaşdırır. Bu, dərman preparatlarının istifadəsi və paylaşdırılmasına nəzarət və tibbi xidmətin effektivliyinin qiymətləndirilməsi üçün əhəmiyyətli sayılır. .
Qeyd edək ki, hemofiliya müxtəlif lokalizasiyalı və intensivli qanaxmalar ilə xarakterizə olunan ağır irsi qan xəstəliyidir. Təkrar baş verən şiddətli qanaxmalar, oynaqlara və toxumalara qansızmalar xəstənin hələ uşaq və gənc yaşlarında əlil və şikəst olmasına, bəzən də ölümünə səbəb olur. Çoxillik təcrübələr göstərir ki, vaxtında və lazımı səviyyədə aparılan müalicə, xəstələrin nəinki ölüm təhlükəsindən xilas edir, hətta onlarda şikəstliyin və əlilliyin qarşısını alır. Azərbaycanda hemofiliyalı xəstələrlə 1973-cü ildə təşkil olunmuş mərkəzdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrası və Mirqasımov adına Respublika Klink Xəstəxanasının hematologiya şöbəsinin əməkdaşları məşğul olurlar.

.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR