“Çudo Peçka” – Dövlət Komitəsi çəkişməsi davam edir - ARAŞDIRMA

“Çudo Peçka” – Dövlət Komitəsi çəkişməsi davam edir - <font color=red>ARAŞDIRMA</font>
# 17 sentyabr 2012 15:27 (UTC +04:00)
“Çudo Peçka”nın “facebook” səhifəsində Dövlət Komitəsinin ittihamlarına cavab verilib

Bakı. Kəmalə Quliyeva – APA. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Çudo Peçka” MMC-yə məxsus istehsal sahələrində apardığı son yoxlamalar nəticəsində müəssisənin istehsal etdiyi məhsulların insan sağlamlığı üçün təhlükə yaratdığını açıqlayıb. Buna baxmayaraq, “Çudo Peçka” öz fəaliyyətini əvvəlki qaydada davam etdirir. Belə olan halda, sual yaranır: Komitənin aşkar etdiyi faktlar həqiqəti əks etdirirsə, onda “Çudo Peçka” niyə hələ də fəaliyyətdədir? Əks etdirmirsə, onda Komitənin bu məlumatı yaymaqda məqsədi nədir?

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı APA-ya açıqlamasında deyib ki, hazırda Komitə yanında Texniki Tənzimlənmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən “Çudo Peçka” MMC-yə məxsus istehsal sahələrində və müəssisələrində dövlət nəzarəti tədbirləri davam etdirilir: “Alınan ən son məlumata görə, “Çudo Peçka” MMC-nin istehsal sahələrindən götürülmüş laborator sınaqların nəticələri yenidən normativ standartlara uyğun gəlməyib. Hazırda bütün faktlar toplanır, istehsalın dayandırılması və qadağan edilməsi ilə bağlı müəssisəyə tələbnamə verildikdən sonra bu barədə ictimaiyyətə daha geniş, müfəssəl məlumat veriləcək. Qanunvericiliyin, xüsusən də İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, müəssisəyə qarşı ciddi cəza tədbirlərinin görülməsi gözlənilir. Standartlara cavab verməyən məhsulların istehsalı dayandırılacaq”.

F. Talıblı deyib ki, ümumilikdə “Çudo Peçka”nın fəaliyyətinin dayandırılması gündəmdə deyil: “Çudo Peçka” vergi ödəyicisi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Biz ancaq istehsala nəzarət edirik. İstehsal normativ standartlara uyğun həyata keçirilməlidir. İstehsal o zaman dayanır ki, həmin tələblər pozulur. Müəssisə qanun qarşısında cavab verdikdən və öz buraxdığı səhvləri aradan qaldırdıqdan sonra istehsal davam etdiriləcək”.

“Çudo Peçka”ya qarşı yönələn bu addımların şirkəti bazardan çıxarmağa yönələn qara piar olmasına dair fikirlərə gəlincə, F. Talıblı deyib ki, bu, kökündən yanlış münasibətdir: “Mən çox təəssüf edirəm ki, bu fikirləri söyləyənlər hələ də var. Azərbaycanda istehsal sahələrinin, sahibkarlığın inkişafı üçün çox münbit şərait yaranıb. Komitə də bu sahibkarlığın inkişafında başlıca rol oynayan dövlət qurumlarından sayılır. Belə yoxlamalar heç kim bazardan çıxarmaq niyyəti daşımır. Aparılan araşdırmanın nəticəsində aşkar olunan faktlar şəkillərdə və fotolarda öz əksini tapıb. Təbii ki, burada qərəzdən söhbət gedə bilməz. Təəssüf ki, o sözü deyənlər müsbəti yox, mənfini görmək niyyətində olan adamlardır”.

“Çudo Peçka” MMC-nin mətbuat xidmətinin rəhbəri Vüqar Baba isə APA-ya deyib ki, müəssisə baş verənlərlə bağlı hələlik rəsmi açıqlama vermək niyyətində deyil: “Bunun üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aşkarladığı faktların MMC-yə təqdim olunması gözlənilir. Rəsmi açıqlama bundan sonra veriləcək”.

Buna baxmayaraq, “Çudo Peçka”-nın “Facebook”dakı rəsmi səhifəsində şirkətin mövqeyi müəyyən qədər açıqlanıb: “Ötən həftə mediada barəmizdə yazılan neqativ yazı və göstərilən fotolar barədə sizlərə izahat verməyi özümüzə borc bildik. Onu bildirək ki, yazılan məlumatlar və göstərilən fotolar həqiqəti təhrif edir. Belə ki, o yazı və fotolar "Çudo Peçka"ya Standartlaşdırma Komitəsi tərəfindən heç bir şifahi və ya yazılı bildiriş olmadan yayımlanıb. Yəni, bizim özümüzə belə bir halın yaşandığı barədə onlar tərəfindən rəsmi məlumat verilməyib. Ona görə də, deyilənlərə rəsmi cavab vermək üçün Komitə tərəfindən rəsmi sənəd gözləyirik. Digər tərəfdən, orada fotolarda ətlə bağlı xoşagəlməz görüntülər də dəqiq deyil. Hər gün "Çudo Peçka"ya ət gəlir, komissiya üzvləri o əti yoxlamadan keçirərək ya qəbul edir, ya da geri göndərir. Həmin ət hissəsi isə qəbul edilməyib sexin bayır tərəfinə geri qaytarılmaq üçün qoyulmuş ət olub. Komitə üzvləri isə həmin ətin şəkillərini çəkib. Elə Komitənin əməkdaşlarının gözü qarşısında qəbul olunmamış ət onu gətirən maşına yüklənərək geri qaytarılıb. "Çudo Peçka" mağaza-kafelərində əksər məhsullar cəmi bir gün saxlanılır. Axşam satışdan çıxarılır, səhər tezdən mağazalara gələn maşına yüklənərək məhv edilməsi üçün baş ofisə göndərilir. Biz bir ildir ki, mağaza-kafelərimizi bir-bir təmir edirik. Artıq əksər mağazalarımız təmir olunub. Çox az sayda mağaza-kafe qalıb ki, təmir olunmasın. Fotolar həmin təmir olunmayan sexlərin birində çəkilib. Fotolardakı səliqəsizlik buna görədir. Digər mağaza-kafelərimizin mətbəxi, sexi ilə özümüz sizləri tanış edəcəyik”.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseyn isə APA-ya açıqlamasında deyib ki, müxtəlif dövlət orqanları tərəfindən ayrı-ayrı müəssisələrə və məhsullara qarşı vaxtaşırı belə hücumlar olur: “Onların hər birinin gördüyü iş zəruridir, lakin qənaətbəxş deyil. Ona görə zəruridir ki, ölkədə bundan daha da ağır olan faktlar, məsələn, insanlara murdar leşlərin yedizdirilməsi kimi hallar var. “Çudo Peçka” bu işdə tək deyil. Ölkədəki əksər müəssisələrin vəziyyəti belədir. Hətta bəlkə də un məmulatları sektorunda “Çudo Peçka”ən yaxşılarından biridir. Amma ondan da bizə tez-tez şikayətlər gəlir. Azərbaycan hökumətinin istehlakçı hüquqlarının qorunması sahəsində səhv siyasəti var. Gərək istehlakçı siyasətində kökündən dəyişiklik edilsin. Azərbaycan prezidenti də Nazirlər Kabinetinin iclaslarında dəfələrlə bu problemlə əlaqədar öz narahatlığını bildirib. Lakin bu işi həyata keçirən dövlət orqanları effektli işlər görmür. Nə qədər ki, məmur bizneslə məşğuldur, nə qədər ki, müstəqil ekspertiza yoxdur, bu işlər davam edəcək. Bu halların qarşısını almaq üçün ölkədə effektli istehlakçı siyasəti həyata keçirilməlidir”.

E. Hüseyn deyib ki, bəzən bazarda haqsız rəqabət yaratmaq üçün dövlət rıçaqlarından istifadə edilir: “Təəssüf ki, ölkədə belə hallar var. Bazara hansısa monopolistin girməsi üçün şərait yaradılır. Bu, Azərbaycan bazarında reallıqlarından biridir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR