Bakıda Azərbaycan sığorta şirkətləri ilə Türkiyənin «Cybersoft» şirkəti arasında görüş keçirilib

Bakıda Azərbaycan sığorta şirkətləri ilə Türkiyənin «Cybersoft» şirkəti arasında görüş keçirilib
# 10 oktyabr 2012 07:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Beynəlxalq Sığorta Şirkətində (BSŞ) Azərbaycan sığorta bazarının liderləri ilə Türkiyənin informasiya texnologiyaları sahəsinin aparıcı şirkəti olan «Cybersoft» şirkəti arasında görüş keçirilib.

BSŞ-dən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı Azərbaycanda sığorta sahəsində qabaqcıl texnologiyaların tətbiqi perspektivləri müzakirə edilib.

Tədbirdə BSŞ-nin nümayəndələri ilə yanaşı, «Paşa Sığorta», «Atəşgah», «İpək Yolu Sığorta», «AtaSığorta», «Xalq Sığorta», «Azərbaycan Sənaye Sığorta» və «Günay Sığorta» şirkətinin rəhbərləri və İT bölmələrinin müdirləri iştirak ediblər.

Görüşdə «Cybersoft» şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış sığorta sahəsində biznes proseslərinin avtomatlaşdırılmasının müasir həlləri nümayiş etdirilib. Tədbir iştirakçıları şirkətin proqram təminatı sahəsində digər məhsulları barədə, o cümlədən CRM və elektron ticarət sistemləri sahəsi üçün proqram təminatları barədə də məlumatlandırılıblar.

BSŞ-nin İdarə Heyətinin sədri Məmməd Sadıx Məmmədov görüşdən sonra bildirib ki, bu tədbir birinci olmasına və tanışlıq xarakteri daşımasına baxmayaraq, çox faydalı olub: «Biz sığorta sahəsində qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı bir sıra sualları müzakirə edə bildik. Şirkətin təkliflərinin bizə maraqlı olması haqda hələlik heç bir söz deyə bilərəm».

Qeyd edək ki, BSŞ Azərbaycanın sığorta bazarının böyük sığorta şirkətlərindən biridir. Şirkət Azərbaycan Beynəlxalq Bankı tərəfindən 2002-ci ildə təsis edilib və hazırda müştərilərinə 34 növ sığorta xidməti göstərir. Cari ilin oktyabrın 1-nə şirkətin nizamnamə kapitalının həcmi 8,8 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR