Sorğu: Azərbaycanda sahibkarların 40%-dən çoxu işçini peşə məktəblərindən götürməyə üstünlük verir

Sorğu: Azərbaycanda sahibkarların 40%-dən çoxu işçini peşə məktəblərindən götürməyə üstünlük verir
# 16 avqust 2012 10:25 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu Təhsil Nazirliyinin sifarişi ilə Milli Məhsuldarlıq və Rəqabətədavamlılıq Mərkəzi (MMRM) tərəfindən həyata keçirilən «Azərbaycan Respublikasının iqtisadi rayonlarının ilk peşə-ixtisas təhsili müəssisələrinin (İPİTM) fəaliyyətinin iqtisadi rayonların əmək bazarının ehtiyaclarına uyğunluğunun, işəgötürənlərin peşə kompetensiyalarına və peşə standartlarına münasibətinin, əmək bazarında ən çox ehtiyac duyulan peşələrin müəyyən edilməsi Layihəsi» çərçivəsində aparılan sorğu nəticəsində məlum olub.

Ölkənin 5 iqtisadi rayonunu (Dağlıq Şirvan, Aran, Şəki-Zaqatala, Quba-Xaçmaz və Lənkəran) - ümumilikdə 4 mln. nəfərin yaşadığı 39 rayon və şəhəri əhatə edən layihənin keçirilməsində məqsəd regionların inkişaf istiqamətlərinə və yeni yaranacaq istehsal və xidmət müəssisələrinin tələbatına uyğun peşə ixtisas kadrlarının hazırlanması proqnozlarının işlənməsidir.

Araşdırmada iştirak edən işəgötürənlər bildiriblər ki, hazırda ixtisaslı işçilərə böyük ehtiyac duyulur. Bir çox müəssisələr, xüsusilə də aparıcı şirkətlər müvafiq peşə təhsili haqqında sənədi olan işçiləri daha həvəslə işə qəbul edirlər. Sorğuda iştirak edən sahibkarların 43%-i işə peşə təhsilli işçiləri götürməyə üstünlük verdiyini bildirib. İşəgötürənlərin 3,9%-i işçinin orta təhsilli, 8,7%-i orta-ixtisas təhsilli, 5,8%-i ali təhsilli olmasını vacib sayır. Sahibkarların 37,8%-i isə bunun fərqi olmadığını bildirir. Başqa sözlə araşdırma göstərir ki, işəgötürənlər artıq peşə təhsilli işçilərə daha çox üstünlük verir.

Aran və Dağlıq Şirvan iqtisadi rayonları üzrə respondentlər peşə təhsilinin zəruri olduğunu bildiriblər. Belə ki, iqtisadi inkişafın səviyyəsi yüksəldikcə əmək bazarında ixtisaslı işçilərə ehtiyac yaranır. «Bundan əlavə peşə təhsili ali təhsil ala bilməyən uşaqların gələcək həyat perspektivləri üçün imkanlar açır. İşəgötürənlər də peşə təhsilinin zəruriliyini və əhəmiyyətini dərk edərək ixtisassız fəhlələrə deyil, peşə təhsili almış işçilərə üstünlük verirlər. Amma cəmiyyətin müxtəlif təbəqələri tərəfindən peşə təhsilinin sosial-iqtisadi əhəmiyyəti yüksək qiymətləndirilsə də, ali təhsilin həyatda uğur qazanmağın yeganə şərt olması stereotipi qalmaqdadır», - deyə layihənin rəhbəri Əlipaşa Qaybalıyev bildirir.

Araşdırmalar göstərib ki, rayonlarda əhali arasında da peşə təhsilinə münasibət ümumiyyətlə müsbətdir. Müsahibələrdə iştirak edən valideynlərin fikrincə, indiki zamanda ali təhsil almaq kifayət qədər maddi vəsait tələb edir və ali təhsil almış gənc ixtisasına uyğun işi asanlıqla tapa bilmir. «Amma peşə təhsili məktəbinə daxil olan gənclər çox vaxt və vəsait sərf etmədən hər hansı bir peşəyə yiyələnir və daha asanlıqla iş tapa bilir. Xüsusilə də peşə liseyini bitirən gənclər həm də gələcəkdə təhsillərini davam etdirmək imkanı əldə edirlər. Doğrudur, bu gənclər də daimi iş yeri tapmaqda çətinlik çəkir, amma onların pul qazanmaq imkanları daha çoxdur», - deyə hesabatda bildirilir.

Bununla yanaşı, sorğu göstərib ki, peşə məktəblərinin özəl müəssisələrlə əlaqələri istənilən səviyyədə deyil. Sorğuda iştirak edən respondentlərin orta hesabla 54%-i ilk peşə-ixtisas təhsili müəssisəsi ilə əlaqəsi olduğunu bildirib. Peşə məktəbləri ilə ən yaxşı əlaqəsi olan sahibkarlar Dağlıq Şirvan iqtisadi rayonunda (85,5%), ən zəif əlaqə Lənkəran iqtisadi rayonundadır (18,3%).

Respondentlərin 54,4%-i İPİTM - sahibkar əlaqələrinin təşəbbüskarı kimi sahibkarları, 42%-i İPİTM-in olduğunu bildiriblər.

Peşə təhsilinin zəruriliyi və əhəmiyyəti barədə daha yüksək fikir söyləyən işəgötürənlər də var. Belə ki, Azərbaycanda fəaliyyət göstərən hər bir müəssisə ixtisaslı işçilərə ehtiyac duyur və bu ehtiyac getdikcə artmaqdadır. Onların fikrincə, bu gün ölkədə peşəkar işçi qıtlığı hiss olunur. İşəgötürənlərin 32%-i İPİTM-in texniki təchizat səviyyəsini «3», 17%-i «4», 10,3%-i «5» bal ilə qiymətləndirib.

Sahibkarlarla peşə məktəbləri arasında əlaqələrin lazımi səviyyədə olmaması şagirdlərin istehsalat təcrübəsi keçmək və sonra layiqli iş tapmaq imkanlarından məhrum edir. Əməkdaşlıq daha çox dövlət müəssisələri ilə qurulur. Mövcud qaydalara görə, əgər müəssisə ilə istehsalat təcrübəsi keçmək haqqında müqavilə imzalanırsa, o zaman müəssisə üzərinə müəyyən maliyyə öhdəlikləri götürür və bu səbəbdən peşə məktəbi ilə əməkdaşlığa maraq göstərmir. Halbuki araşdırmalar göstərir ki, sahibkarların böyük hissəsi peşə məktəbləri ilə bu və ya digər formada əməkdaşlıqda maraqlıdır. Məsələn, respondentlərin 27,8%-i İPİTM ilə münasibətləri işçi sifariş etmək, 24,5%-i müəssisəsində təcrübə sahəsi yaratmaq, 3.7%-i maddi cəhətdən kömək etmək, 5,5%-i ustalarını müəllim kimi göndərmək, 1,6%-i texnika və avadanlıq vermək vasitəsilə həyata keçirməyə hazır olduqlarını bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR