Nurəddin Məmmədli: “İndiki mərhələdə vahid namizəd məsələsinin İctimai Palatada gündəmə gətirilməsi təxribat xarakteri daşıyır”

Nurəddin Məmmədli: “İndiki mərhələdə vahid namizəd məsələsinin İctimai Palatada gündəmə gətirilməsi təxribat xarakteri daşıyır”
# 03 avqust 2012 12:06 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Prezident seçkisində iştirak etmək üçün vahid namizədin müəyyənləşdirilməsi məsələsi ilə bağlı İctimai Palatada baş verənlər süni şəkildə şişirdilmişdi. Bu təklif gözlənilmədən İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn tərəfindən irəli sürülmüşdü. Bu təklif hazırlıqsaız, ilkin müzakirələr olmadan sessiyanın gündəliyinə təqdim olunduğuna görə, qurum daxilində çox böyük ojiataja səbəb oldu”.

Bu açıqlamanı APA-ya AXCP sədrinin müavini Nurəddin Məmmədli verib. O deyib ki, sonradan bu ideyanın meydana çıxmasına və genişləndirilməsinə qarşı çox ciddi etirazlar olub: “İctimai Palatada daxili müzakirələrdə müəyyən olundu ki, bu məsələ heç də qurum üçün aktual mövzu deyil. Xüsusilə də bu məsələnin indiki mərhələdə müzakirəyə çıxarılması səhvdir. Ölkədə demokratik seçki mühiti olduğu zaman Azərbaycan müxalifətinin vahid namizəd məsələsi aktuallaşar”.

N. Məmmədli qeyd edib ki, indiki mərhələdə vahid namizəd məsələsinin İctimai Palatada gündəmə gətirilməsi bir növ təxribat xarakteri daşıyır: “Yəni burada məqsəd diqqəti əsas problemlərdən yayındırıb, müxalifətdaxili ziddiyyətləri qabartmaq, münaqişə yaratmağa xidmət edir. Hesab edəirəm ki, İctimai Palatada hazırkı “status-kvo”nun saxlanılması sabitliyi təmin edə bilər”.

Qeyd edək ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı İctimai Palatada vahid namizəd məsələsinin indidən müəyyənləşdirilməsi ilə bağlı məsələnin qurumun əsas mövzular sırasından çıxarıldığını deyib.

Xatırladaq ki, bir müddət əvvəl İctimai Palatada 2013-cü ildə keçiriləcək prezident seçkisində iştirak edəcək namizədin müəyyənləşdirilməsi ilə bağlı ciddi fikir ayrılığı və qarşıdurma yaranmışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR