Klinton: «Dağlıq Qarabağ problemini yalnız sülh yolu ilə həll etmək olar»

Klinton: «Dağlıq Qarabağ problemini yalnız sülh yolu ilə həll etmək olar»
# 05 fevral 2012 03:49 (UTC +04:00)
ABŞ dövlət katibi Hillari Klinton Ermənistan XİN başçısı Edvard Nalbandyanla görüşdə belə bir bəyanat səsləndirib. APA-nın xəbərinə görə, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş dünən gecə Münhendə keçirilən 48-ci təhlükəsizliyə dair konfrans çərçivəsində baş tutub.

«Dağlıq Qarabağ problemini yalnız sülh yolu ilə həll etmək olar. ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişə tərəfləri arasında razılaşmaların əldə olunmasına və problemin həll olunmasına hərtərəfli yardım göstərməkdə davam edəcək», deyə Klinton görüşdə bildirib.

Məlumatda tərəflərin Dağlıq Qarabağ prosesinin hazırkı mərhələsini detallı olaraq müzakirə etdikləri vurğulanır.

«Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın rolunu yüksək qiymətləndirib və Klintonu yanvarın 23-də keçirilmiş Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün nəticələri barədə məlumatlandırıb», deyə məlumatla bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR