AMEA-da Türk Akademiyasının elmi nəşrlərin təqdimat mərasimi keçirilib

AMEA-da Türk Akademiyasının elmi nəşrlərin təqdimat mərasimi keçirilib
# 15 may 2012 10:44 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi Kitabxanasında Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Türk Akademiyasının türkologiya elminin aktual problemlərinə həsr olunmuş elmi nəşrlərinin təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimini giriş sözü ilə AMEA prezidenti, akademik Mahmud Kərimov açıb. Sonra Türk Akademiyasının vitse-prezidenti Askar Umarov qonaqları salamlayıb. O qeyd edib ki, türkdilli xalqlar bir-birinin tarixi və mədəniyyəti haqqında çox az bilir, buna görə də Türk Akademiyası işini daha da inkişaf etdirməlidir.

Tədbirdə Türk Akademiyasının elmi işçisi, professor Sadolda Qulqaysi və AMEA Dilçilik İnstitutunun böyük elmi işçisi Qətibə Mahmudova Azərbaycan və Qazaxıstan arasında türkologiya sahəsində elmi əməkdaşlıq haqqında məruzə ilə çıxış ediblər.

Daha sonra AMEA və Türk Akademiyası arasında türkologiyanın istiqamətlərində gələcək elmi əməkdaşlığı haqqında alimlərin fikir mübadiləsi aparılıb.

Türk Akademiyasının təqdim etdiyi kitabların Qazaxıstan sərhədlərindən kənarda ilk dəfə olaraq məhz Bakıda nümayiş etdirildiyi vurğulanıb.

Qeyd edilib ki, Türk Akademiyasının nəşrlərinin 1000 nüsxəsinin Azərbaycanın kitabxana və universitetlərinə hədiyyə olunması nəzərdə tutulur.

Sonda qonaqlar AMEA Mərkəzi Elmi Kitabxanasının təşkil etdiyi, Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ədəbiyyat sərgisi ilə tanış olublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR