Bakıda keçiriləcək Avropa oyunlarında 1 saylı Kliniki Tibbi Mərkəz baza xəstəxanası kimi təyin olunub

Bakıda keçiriləcək Avropa oyunlarında 1 saylı Kliniki Tibbi Mərkəz baza xəstəxanası kimi təyin olunub
# 19 dekabr 2014 10:30 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. "2015-ci il Avropa oyunları zamanı 1 saylı Kliniki Tibbi Mərkəz oyunların baza xəstəxanası kimi təyin olunub. Mərkəzdə xüsusi şöbələr yaradılacaq ki, idmançılar, turistlər səhhətlərində problem yaranarsa, gəlib burada müayinədən keçsinlər".

APA-nın məlumatına görə, bunu 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Sultan Əliyev bu gün Səhiyyə Nazirliyi tərəfindən jurnalistlər üçün təşkil olunan “Media tur” zamanı deyib.

Mərkəzin baş həkimi xəstəxana haqqında ümumi məlumat da verib. O bildirib ki, Mərkəz Almaniya istehsalı olan ən müasir avadanlıq və tibbi ləvazimatlarla tam təmin olunub: "Belə tədbirlərin keçirilməsi şəffaflığın artırılmasına xidmət edir. Bu tibb müəssisəsi 760-800 çarpayılıqdı. Burada ümumi 2000 nəfərə yaxın işçi var. Onlardan 500 nəfəri həkim, 800 nəfəri orta tibb işçisi, 700 nəfəri isə kiçik tibb işçiləridir".

S. Əliyev qeyd edib ki, Mərkəzdə tibbin bütün sahələri üzrə kompleks müayinə və müalicələrin aparılması üçün hər cür şərait var: "Dünyada elə bir ölkə yoxdur ki, orada səhiyyənin vəziyyəti ilə hamı tam razı olsun. Hətta Skandinaviya ölkələri bu sahədə xidmətlərinə görə keyfiyyətli sayılsa da, orada da müəyyən problemlər var. Mərkəzimizə il ərzində 30 000 nəfərdən çox xəstə gəlir və bu xəstələrin 10 000 nəfərə yaxını əməliyyat olunur. Əməliyyatların da 80 faizi təcili əməliyyatlardır, burada demək olar ki, planlı əməliyyat çox azlıq təşkil edir".

Sonda jurnalistlər Mərkəzin müxtəlif şöbələrinin fəaliyyəti ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR