İranda Əhmədinejadla Uqo Çavesin anasının görüntüləndiyi fotoşəkilin fotoşop versiyası yayılıb

İranda Əhmədinejadla Uqo Çavesin anasının görüntüləndiyi fotoşəkilin fotoşop versiyası yayılıb
# 12 mart 2013 10:19 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejadın martın 8-də Venesuela prezidenti Uqo Çavesin dəfn mərasimində mərhumun 78 yaşlı anası Yelena Friasa təsəlli verərkən çəkilən fotoşəkillə bağlı tənqidlər səngimir.

APA-nın məlumatına görə, fotoşəkildə bir-birlərinə sarılmasalar da, Y. Frias və M. Əhmədinejad hiss etdikləri ortaq ağrı-acı nəticəsində sifətlərini bir-birinə söykəyib və bir-birilərinin əllərini tutublar. Bir çox xəbər agentliyi də bu gözlənilməz anın fotoşəkillərini yayıb. İslam dininə görə, müsəlman kişilərin yaxın ailələrindən olmayan qadınlara toxunması qadağandır. Əhmədinejadın Çavesin ölümünün ardından etdiyi həyəcanlı çıxışına reaksiya verən mühafizəkar qruplar onun günah işlədiyini və islam dövləti olan bir ölkənin prezidenti olaraq davranışının əlverişsiz olduğunu söyləyiblər.

Onlar hesab edirlər ki, M. Əhmədinejad “yolunu azmış” ətrafından təsirlənib və bu, prezidentin İran İslam inqilabının təməllərindən gedərək uzaqlaşdığını göstərən başqa bir işarədir. İran prezidentinə yaxın olan qüvvələr isə fotoşəkilin saxta olduğunu söyləyərək tənqidləri sakitləşdirməyə çalışırlar. İranın vitse-prezidenti Məhəmmədrza Mirtacəddini deyib ki, fotoşəkili M. Əhmədinejad və Y. Friasın sanki bir-birilərinə toxunurmuş kimi göstərəcək baxımdan çəkiblər. Ancaq daha sonra fotoşəkilin fotoşop edilmiş başqa bir versiyası İranın internet saytlarında dərc edilib.

Fotoşəkildə M. Əhmədinejad yaşlı bir adamla eyni vəziyyətdə görünür. İran prezidentini dəstəkləyənlər fotoşəkilin əslinin bu olduğunu, M. Əhmədinejadın Y. Friasın əmisinin əlini tutduğunu və digər versiyanın fotoşop olduğunu iddia edir. Ancaq yaxından baxıldığında U. Çavesin əmisi olduğu iddia edilən adamın Misirdə müxalifətinin lideri olan Atom Enerjisi olan Beynəlxalq Agentliyin (AEBA) keçmiş icraçı direktoru Məhəmməd əl-Baradeyi olduğu görülür. Əl-Baradeyi gerçək həyatda M. Əhmədinejaddan daha uzun boyludur, ancaq fotoşəkildə ondan çox daha qısa görünür.

U. Çavesin anası ilə görüntüləndiyi fotoşəkil səbəbindən M. Əhmədinejadı tənqid edən “Entekhab” internet saytı fotoşəkilin digər versiyasının ortaya çıxmasından sonra üzr istəyib. Sayt rəhbərliyi Böyük Britaniyada nəşr edilən “The Daily Telegraph” qəzetini fotoşəkili həvəskar şəkildə montaj etməkdə günahlandırıb. Lakin “Entekhab” saytı bir neçə saat sonra üzrünü geri götürüb. “Entekhab” saytının şərhində belə deyilir: “Əhmədinejadın və yanındakı kişinin fotoşəkilini gördükdən sonra müxbirlərimizdən biri fotoşəkilin orijinalının bu olduğunu hesab edib. Ona görə də redaktoru məlumatlandırmadan xəbəri dərc edib. Ancaq təəssüflər olsun ki, Əhmədinejad və Çavesin anasını göstərən fotoşəkil gerçəkdir”.

Eyni zamanda M. Əhmədinejadın əleyhinə olan internet saytları İran prezidentinin Uqo Çavesin qızlarına sarıldığını göstərən başqa bir fotoşəkil də dərc edib. M. Əhmədinejadın tərəfdarları bu iddiaların 2013-cü ilin iyununda keçiriləcək prezident seçkiləri ərəfəsində onun etibarını sarsıtmaq üçün ortaya atıldığını söyləyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR