Rusiyada miqrantlardan götürüləcək imtahanlarda keçmiş SSRİ ölkələrindən gələnlərə xüsusi güzəştlər olunacaq

Rusiyada miqrantlardan götürüləcək imtahanlarda keçmiş SSRİ ölkələrindən gələnlərə xüsusi güzəştlər olunacaq
# 05 dekabr 2013 13:11 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Rusiyada gələn ilin əvvəlində ölkədə yaşamasına icazə verilməsi üçün miqrantlardan götürüləcək imtahanlarda keçmiş SSRİ ölkələrindən gələnlərə xüsusi güzəştlər olunacaq.

Bunu APA-ya açıqlamasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev deyib.

İ.Hacıyev qeyd edib ki, bu barədə onlara ötən gün ölkə rəsmiləri və Dövlət Dumasının deputatları ilə keçirilən görüşdə bildirilib. Miqrantlardan götürüləcək imtahanların əsasən rus dili və Rusiyanın qısa coğrafiyası, tarixi barədə olacağını bildirən İ.Hacıyev deyib ki, postsovet ölkələrindən gələn miqrantlara ediləcək güzəştlərin səbəbi onların əksəriyyətinin yuxarıda tələb olunanlar barədə onsuz da məlumatlı olmasıdır: “Çünki biz iki əsrə qədər eyni imperiyanın, dövlətin tərkibində yaşamışıq və tarixi yaxınlıq kifayət qədərdir. Bu da həmin ölkələrdən gələn miqrantların Rusiya və rus dili haqqında yaxından məlumatlı olmasına əsas verir. Ona görə də bu imtahanlar bunlardan formal olaraq götürüləcək”.

Bununla bağlı qanunun Rusiyada gələn ilin əvvəlindən tətbiq olunacağını deyən ÜAK rəhbəri bildirib ki, imtahanların konkret sualları gələn ili əvvəlində müəyyən olunacaq. O həmçinin deyib ki, bu qaydalar qüvvəyə minənə qədər və ondan sonra gəlib ölkədə işləyən bütün miqrantlara aiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR