Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın üzvləri Monteneqroya səfər ediblər

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın üzvləri Monteneqroya səfər ediblər
# 29 yanvar 2014 16:53 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Monteneqronun İnsan Resurslarının İdarə olunması İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı”nı imzalamaq məqsədi ilə Komissiyanın sədri Bəhram Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Monteneqroya səfər edib.

Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Fəaliyyət Planını Komissiyanın sədri Bəhram Xəlilov və Monteneqronun İnsan Resurslarının İdarə olunması İdarəsinin direktoru Svetlana Vukoviç imzalayıb.

İmzalanma mərasimindən sonra Bəhram Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətinə Monteneqronun İnsan Resurslarının İdarə Olunması İdarəsinin fəaliyyəti ilə bağlı məlumat verilib, onun fəaliyyəti və strukturu, “Monteneqroda peşəkar təlim sistemi”, “Dövlət qulluğunda islahatlara uyğun olaraq işəqəbul mərhələsi”, “Dövlət qulluqçularının mərkəzləşdirilmiş qaydada Reyestrinin aparılması – əhəmiyyəti və problemləri” mövzularında təqdimatlar edilib.

Sonra Monteneqronun Daxili İşlər Nazirliyinin nümayəndəsi dövlət qulluğunda son zamanlar aparılan islahatlar barədə Azərbaycan nümayəndə heyətinə məlumat verib.

Yanvarın 28-də isə Bəhram Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Danilovqrad bələdiyyəsinin sədri ilə görüşüb. Görüşdə bələdiyyə sədri şəhərdə görülən işlər, həyata keçirilməsi nəzərdə tutulan layihələr, həmçinin, Azərbaycan və Monteneqro əlaqələrinin yüksək templə inkişafından danışıb.

Dövlət İdarəçiliyi üzrə Regional Təlim Məktəbinə səfər edən nümayəndə heyətinə Təlim Mərkəzinin fəaliyyəti barədə məlumat verilib və təqdimatlar edilib.

Nümayəndə heyəti həmçinin, Monteneqro parlamentində vitse-prezident Sulyo Mustafiç və parlamentin Beynəlxalq əlaqələr və Emiqrantlar Komitəsinin prezidenti Miodraq Vukoviç ilə görüşüb.

Komissiyanın nümayəndə heyəti yanvarın 29-da Monteneqronun qədim paytaxt şəhəri olan Çetinyeyə, Kotor və Budvaya səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR