AFFA: “Neftçi” rəsmilərini daha ağır cəza gözləyir”

AFFA: “Neftçi” rəsmilərini daha ağır cəza gözləyir”
# 10 fevral 2014 12:01 (UTC +04:00)

Bakı – APA. “Əgər cəzalı şəxslər stadiona daxil olurlarsa, AFFA nümayəndəsi bunu qeyd etməlidir”. Bunu apasport.az saytına açıqlamasında AFFA-nın İntizam Komitəsinin (İK) sədri Tofiq Fətullayev deyib.

Topaz Premyer Liqasının XVIII turunun AZAL– “Neftçi” matçı zamanı Süleymanov qarşılaşma başa çatdıqdan sonra, Abbaszadə isə 83-cü dəqiqədə hakimləri təhqir etdiyi üçün hərəsi AFFA İntizam Komitəsinin qərarı ilə 5 oyunluq cəzalandırılmışdı, “ağ-qaralar” 5000 manat cərimələnmişdi (Maddə 42.4).

2013/14-cü il futbol mövsümü üçün təsdiq olunan Əsasnaməyə əsasən, sözügedən şəxslər növbəti 5 oyunda matçların keçirildiyi stadiona daxil ola bilməzlər. Lakin həm Süleymanov, həm də Abbaszadə Premyer Liqanın sonuncu turunun “Xəzər Lənkəran” – “Neftçi” görüşünün keçirildiyi Lənkəran Mərkəzi stadionunda olublar.

Fətullayev bildirib ki, fakt təsdiqini taparsa, “Neftçi” rəsmilərini daha ağır cəza gözləyir: “Adlarını çəkdiyiniz şəxslərin stadionda olub-olmamaqları barədə dəqiq məlumatım yoxdur. Orada olublarsa, o zaman matçın AFFA nümayəndəsi bunu qeyd etməlidir. Biz də İntizam Komitəsinin növbəti iclasında həmin qeydlərə əsasən, ölçü götürməliyik”.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” matçında AFFA nümayəndəsi veteran futbolçu Maşallah Əhmədov olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR