Azərbaycan Hesablama Palatası 2012-ci il dövlət büdcəsinin icrası ilə bağlı rəyini açıqlayıb

Azərbaycan Hesablama Palatası 2012-ci il dövlət büdcəsinin icrası ilə bağlı rəyini açıqlayıb
# 24 may 2013 08:58 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın 2012-ci il dövlət büdcəsi müvəffəqiyyətlə icra edilib. Büdcə kəsirini və ilin sonunda büdcədə qalan vəsaiti nəzərə alanda 2012-ci ilin büdcəsi faktiki olaraq profisitlə yerinə yetirilib. «APA-Economics»in məlumatına görə, bunu Hesablama Palatasının sədri Heydər Əsədov bildirib.

Ötən il dünyada iqtisadi vəziyyətin ümumilikdə o qədər də yaxşı olmadığını xatırladan Palata sədri bildirib ki, Dünya Bankının hesabatına görə, 2012-ci il iqtisadi vəziyyətin yenidən pisləşməsi, iqtisadi böhranın ikinci dalğasının başlanması təhlükəsinin yarandığı bir il kimi yadda qalıb. Eyni zamanda, 34 dövləti əhatə edən iqtisadi əməkdaşlıq və inkişaf təşkilatının (İƏİT) ekspertlərinin də hesablamalarına görə, 2012-ci ilin sonunda iqtisadi vəziyyət 2009-cu ildən sonra ilk dəfə olaraq yenə də pisləşməyə başlayıb. Həmçinin, Avropa İttifaqı ölkələrində ÜDM-in həcminin 0,8% enməsi müşahidə olunub.

«Ümumiyyətlə, dünya iqtisadiyyatında ÜDM-in artımına baxmayaraq, onun artım sürəti əvvəlki illərə nisbətən aşağı düşməyə başlayıb. Bütün bunlara baxmayaraq, Azərbaycanda aparılan iqtisadi siyasət nəticəsində iqtisadi sabitlik və dayanıqlıq davam edib və bütün bunlar, eləcə də aidiyyəti strukturların gərgin əməyi sayəsində büdcənin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün münbit iqtisadi mühit yaranıb. Məhz bunun nəticəsində ötən il büdcəyə nəzərdə tutulandan 255 mln. manat artıq vəsait daxil olub. Əvvəlki illərdən fərqli olaraq ötən il icrası əksər tədiyyə növləri üzrə büdcə daxil olmaları yerinə yetirilib, mərkəzləşmiş və qeyri-mərkəzləşmiş gəlirlər üzrə proqnozlara əməl edilib və büdcə daxil olmalarında ahəngdarlıq gözlənilib ki, bu da büdcə xərclərinin ahəngdar icrasına şərait yaradıb», - deyə H.Əsədov qeyd edib.

Büdcə xərclərinə 1,4% qənaət olunduğunu bildirən Hesablama Palatasının rəhbəri əlavə edib ki, qənaət olunan məbləğin 64 mln. manatı əmək haqları, 59 mln. manatı mal və xidmətlərin satın alınmasının payına düşüb. Əmək haqlarının qənaət olunmasının səbəbi vakant iş yerləri, satınalmalarda qənaətin əsas səbəbi isə sifarişçi təşkilatlar tərəfindən kommunal, yanacaq və istilik xərclərinin əvvəlcədən sifariş verildiyi həcmdə istifadə olunmasıdır. Edilən qənaət dövlətin sosial, infrastruktur və digər proqramlarının icrasına mane olmayıb.

Hesablama Palatasının rəhbəri dövlət borcları üzrə limitin son illərdə 50-60%-dən artıq istifadə olunmadığını xatırladaraq, bunun müsbət göstərici olduğunu bildirib.

H.Əsədov qeyd edib ki, büdcə kəsirinin nəzərdə tutulandan bir neçə dəfə az olmasını və ilin sonunda büdcənin qalıq hesabında toplanan məbləği nəzərə alanda faktiki olaraq 2012-ci ilin büdcəsi profisitlə icra olunub: «Bütün bunları nəzərə alaraq bildirmək olar ki, 2012-ci ilin dövlət büdcəsi müvəffəqiyyətlə icra olunub».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR