Körfəz Əməkdaşlıq Şurasının baş katibi Qəbələdə olub

Körfəz Əməkdaşlıq Şurasının baş katibi Qəbələdə olub
# 11 iyun 2013 21:49 (UTC +04:00)

Bakı-APA. Körfəz Əməkdaşlıq Şurasının baş katibi Əbdül Lətif bin Rəşid Əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində tanışlıq məqsədi ilə Qəbələ rayonunda olub.

Qonaqlar rayonun turizm imkanları ilə maraqlanıb, istehsal müəssisələrində istehsal prosesini yaxından izləyiblər. Nümayəndə heyətinin üzvləri inşası davam etdirilən “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin tikintisinə baxıblar.

Qonaqlara məlumat verilib ki, dağlıq ərazidə yerləşən, istirahət üçün bütün əlverişli şəraitə malik olan bu turizm obyekti Qəbələ şəhərindən təxminən 4 kilometr məsafədədir. Diqqətə çatdırılıb ki, burada kanat yolu və xizəkçilik kompleksi 8 stansiyadan ibarət olacaqdır. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir. Artıq altı stansiyada quraşdırma işləri başa çatıb. Bir-birindən 1414 metr məsafədə və dəniz səviyyəsindən 1250 metr və 1650 metr hündürlükdə olan stansiyalarda quraşdırma işləri aparılıb.

Nümayəndə heyəti Qəbələ konserv zavodu və “Beltmann” piano fabrikində də istehsal prosesini yaxından izləyib. Qonaqlara müəssisələrin fəaliyyəti barədə ətraflı məlumat verilmiş, yerli məhsullar nümayiş etdirilib.

Daha sonra Əbdül Lətif bin Rəşid Əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyəti rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində olub. Bildirilib ki, burada atıcılıq idmanının daha çox yayılan və olimpiya oyunlarına daxil edilən stend atıcılığına da xüsusi yer ayrılıb. Kompleksin ərazisində olimpiya yarışlarında tətbiq edilən və bütün texniki inventarlarla təchiz olunan sahə də yaradılıb. Burada yarışların izlənilməsi üçün ayrıca tamaşaçı bölməsi qurulub, nəticələri qeydə alan elektron tablo yerləşdirilib. Bundan əlavə, klubun ərazisində 1200 kvadratmetr sahədə 10 metrlik, 3 min kvadratmetr sahədə isə 25 metrlik tirlər quraşdırılıb. Uşaq və yeniyetmələr üçün tədris mərkəzi də yaradılıb. Ümumilikdə, 300 kvadratmetr sahədə silah anbarı, 4,5 hektar ərazidə beş dairəvi və səngər stend atıcılığı meydançası, 4 min kvadratmetr sahədə səkkiz sportinq meydançası inşa edilib. Dairəvi və səngər stend atıcılığı avadanlığı Fransadan, sportinq avadanlığı İngiltərədən, tir avadanlığı İsveçrədən, elektron tablo isə İtaliyadan gətirilib.

Qəbələ rayonu ilə tanışlıqdan məmnunluqlarını ifadə edən nümayəndə heyətinin üzvləri Qəbələ rayonunun füsunkar təbiəti olduğunu vurğulayıb, bu yerin geniş turizm potensialı olduğunu qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR