Fələstinin xarici işlər naziri Azərbaycan Diplomatik Akademiyasında olub

Fələstinin xarici işlər naziri Azərbaycan Diplomatik Akademiyasında olub
# 10 iyun 2013 22:57 (UTC +04:00)

Bakı-APA. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin konfransında iştirak etmək üçün Bakıda səfərdə olan Fələstin Dövlətinin xarici işlər naziri Riad Malki iyunun 10-da Azərbaycan Diplomatik Akademiyasında (ADA) olub.

ADA-nın kommunikasiya departamentindən APA-ya verilən məlumata görə, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, səfir Hafiz Paşayev ilə görüş zamanı tərəflər Fələstin və Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıb, xüsusilə də təhsil sahəsində əlaqələrin qurulmasının vacibliyini vurğulayıblar.

Hazırda Azərbaycan Diplomatik Akademiyasında 22 ölkədən xarici tələbənin təhsil aldığını diqqətə çatdıran Hafiz Paşayev, xarici tələbələr üçün ADA-nın Beynəlxalq Təqaüd Proqramının mövcudluğunu qeyd edib. Rektor gələcəkdə Fələstindən də tələbələrin ADA-da oxuyacağına ümidini bildirib.

Fələstin Dövlətinin xarici işlər naziri Riad Malki təhsil sahəsində münasibətlərin tələbə və müəllim mübadiləsi proqramları vasitəsilə inkişaf etdirilməsi təklifini dəstəkləyib, iki xalqın bir-birini daha yaxından tanıması üçün qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi zərurəti barədə söz açıb. O, Azərbaycana sonuncu səfərindən bəri paytaxtımızın sürətlə inkişaf edərək bir az da dəyişdiyini diqqətə çatdırıb və Azərbaycan Diplomatik Akademiyasının yeni tədris mərkəzinin bu inkişafın bariz nümunəsi olduğunu söyləyib.

Görüşdən sonra fələstinli nazir Azərbaycan Diplomatik Akademiyasının yüksək texnoloji standartlara uyğun tikilən tədris mərkəzi ilə tanış olub, akademiyaya ölkədə ali təhsil standartlarının yüksəldilməsi səylərində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR