Qroznıda azərbaycanlı və rusiyalı gənclərin görüşü olacaq

Qroznıda azərbaycanlı və rusiyalı gənclərin görüşü olacaq
# 25 noyabr 2013 12:02 (UTC +04:00)

Bakı-APA. Noyabrın 26-dan başlayaraq Rusiya Federasiyası Çeçenistan Respublikasının Qroznıy şəhərində “Yeni nəsil: sərhədsiz məsuliyyət” lll Beynəlxalq Gənclər Forumu keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, forumda Azərbaycanı gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə 50 nəfərlik nümayəndə heyəti təmsil edəcək.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası, Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi, Çeçenistan Respublikasının Gənclər Nazirliyi və Rusiyanın Gənclər və Uşaq Təşkilatlarının Milli Şurasının təşkilatçıları olduqları bu forumun keçirilməsində əsas məqsəd yaxın qonşuluqda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirmək, mədəniyyətlərarası dialoqu dəstəkləmək, gənc nəslin regionun dinc və davamlı inkişafında, konfliktlərin həllində, məlumatın yaradılmasında və ötürülməsində məsuliyyətini artırmaqdır.

Forumda Azərbaycan Respublikası və Rusiya Federasiyasının gənclərlə işləyən dövlət orqanlarının və hökumət nümayəndələrinin, qeyri-hökumət təşkilatları rəhbərlərinin, ictimai fəal gənclərin, gənc alimlərin və tədqiqatçıların, yaradıcı və istedadlı gənclərin iştirakı nəzərdə tutulub. Tədbirin proqramı çərçivəsində hər iki ölkənin istedadlı gənc musiqiçilərinin iştirakı ilə mədəni gecə təşkil ediləcək.

Forum 28 noyabr tarixində işinə yekun vuracaq.

Qeyd edək ki, 2011-ci və 2012-ci illərdə “Yeni nəsil: sərhədsiz məsuliyyət” Beynəlxalq Gənclər Forumu (I və II) Bakı şəhərində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR