İran prezidenti və Türkiyə parlamentinin sədri arasında görüş keçirilib - FOTO

İran prezidenti və Türkiyə parlamentinin sədri arasında görüş keçirilib - <span style="color: red;">FOTO
# 23 sentyabr 2013 07:03 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçəyin rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdədir.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, iranlı həmkarı Əli Laricaninin dəvəti ilə İrana rəsmi səfər edən TBMM sədrini vitse-spiker Məhəmmədrza Bahünər qarşılayıb. C.Çiçək sentyabrın 22-də İran prezidenti Həsən Ruhani tərəfindən qəbul edilib.

İran prezidenti bildirib ki, iki ölkə tarixi və dərin əlaqələr malikdir və bu baxımdan rəsmi Tehran Ankara ilə siyasi, iqtisadi, mədəni əlaqələrini və regional əməkdaşlığı inkişaf etdirməkdə qərarlıdır: “Hər iki ölkənin regional böhranların həlli başda olmaqla bölgədə təsirli rol oynamaları üçün əməkdaşlığını genişləndirməsi zəruridir. İran və Türkiyə parlamentləri arasında yaxın və dostyana münasibətlərin inkişafı hər iki ölkənin hökumətlərinin əlaqələrinin inkişafına təkan verəcək. Hətta 2015-ci ildə İranla Türkiyə arasında ticarət mübadiləsini 30 milyard dollara çatdırmaq mümkündür. Milli pul vahidləri ilə hər iki ölkənin ticarət etməsi ticarət əlaqələrinin artmasına təsir göstərəcək. İran və Türkiyə arasında nəqliyyat sahəsi başda olmaqla müxtəlif sahələrdə ortaq şirkətlərin yaradılmasını təklif edirəm”.

Onun sözlərinə görə, regionda ekstremizm, məzhəblərarası ixtilaflar və terrorizm hər iki ölkəni hədələyən amillərdirlər: “Suriya məsələsində iki ölkənin yanaşmasının fərqli olmasına baxmayaraq, hədəf və maraqlar ortaqdır. Suriyanın bölünmə ehtimalı, terrorçuların bu ölkədə qələbə qazanması, vətəndaş müharibəsi və qeyri-sabit vəziyyətin davam etməsi Türkiyə və İranın maraqlarına uyğun deyil. Ona görə də Tehran və Ankara bu mövzularla bağlı bir-biri ilə dialoq və məsləhətləşmə içərisində olmalıdır”.

TBMM sədri isə öz növbəsində İran və Türkiyənin qonşu və dost ölkə olduğuna toxunaraq var gücü ilə qarşılıqlı münasibətləri genişləndirməyə təşəbbüs göstərəcəyini söyləyib: “Türkiyə Həsən Ruhani dönəmində ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə inanırıq. Türkiyə region ölkələrinin ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir və bölgə ölkələrinin parçalanma layihəsinin xarici qüvvələrin maraqlarına uyğun gəldiyini hesab edir. Ona görə də bu cür münaqişələrə qarşı çıxmaq qənaətindədir”.

C.Çiçək iki ölkə arasında 22 milyard dollara çatan ticarət mübadiləsinin həcminə toxunaraq İran və Türkiyənin sahib olduğu potensial sayəsində 2015-ci ildə bunun 30 milyard dollara çatmasının çətin olmadığını vurğulayıb.

TBMM sədri Türkiyənin xarici siyasətinin əsasını müharibə və axan qanın durdurulması, problemlərin dialoqla həll edilməsinin təşkil etdiyini bildirib.

Qeyd edək ki, C. Çiçək səfər çərçivəsində İran parlamentinin sədri Əli Laricani və İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncani ilə də görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR