Bakıdakı məşhur kafelərdən birinin əmlakı siyahıya alınıb

Bakıdakı məşhur kafelərdən birinin əmlakı siyahıya alınıb
# 16 may 2014 14:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakı şəhəri Vergilər Departamentinin əməkdaşları tərəfindən Bakının Nizami rayonu, Babək prospekti, 2360-cı məhəllədə yerləşən, “Azinterval” MMC-yə məxsus avtomobillər üçün ehtiyat hissələrinin pərakəndə satışı mağazasında əmlakın siyahıya alınması tədbirləri keçirilib.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, vergi ödəyicisinin fəaliyyəti vergi orqanları tərəfindən araşdırılarkən, onun 36 min 250 manat məbləğində borcunun yarandığı müəyyən edilib, bu barədə vergi ödəyicisinə aprel ayının 11-də bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi mağazadakı əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və mağazadakı 62 min 280 manatlıq avtomobil mühərriki yağları müəyyən edilmiş qaydada siyahıya alınıb.

Həmin gün vergi orqanı əməkdaşları Səbail rayonu, Nizami küçəsi, ev 68 ünvanda yerləşən, “Travelers Coffee Limited” şirkətinin Azərbaycanda fəaliyyət göstərən “Travelers Coffee” kafesində də əmlakın siyahıya alınması tədbirləri keçiriblər. Müəssisənin fəaliyyəti vergi orqanları tərəfindən araşdırılarkən, onun 14 min 647 manat məbləğində borcunun yarandığı müəyyən edilib, bu barədə vergi ödəyicisinə bildiriş göndərilib, borcun bir hissəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilib, borcun qalan hissəsinin ödənilməsini təmin etmək üçün isə kafedəki 5 min 725 manat məbləğində mebel və mətbəx ləvazimatları müəyyən edilmiş qaydada siyahıya alınıb.

Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilməzsə, vergi orqanı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR