Borçalıda “Seyid Yəhya əş-Şirvani əl-Bakuvi və Şəfa əl Əsrar” (“Sufiliyin sirləri”) adlı kitabın təqdimatı keçirilib - FOTOSESSİYA

Borçalıda “Seyid Yəhya əş-Şirvani əl-Bakuvi və Şəfa əl Əsrar” (“Sufiliyin sirləri”) adlı kitabın təqdimatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 25 oktyabr 2013 01:26 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Oktyabrın 24-də azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərindəki AtaHoldinq Mərkəzində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə Seyid Yəhya Bakuvinin 550 illik yubileyinə həsr edilən tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Seyid Yəhya əş-Şirvani əl-Bakuvi irsinin Gürcüstanda yaşayan soydaşlarımıza daha yaxından tanıdılması məqsədilə Dr. Mehmet Rıhtım tərəfindən Azərbaycan dilində hazırlanıb oxucuların ixtiyarına verilən “Seyid Yəhya əş-Şirvani əl-Bakuvi və Şəfa əl Əsrar” (“Sufiliyin sirləri”) adlı kitabın təqdimatı keçirilib.

Tədbiri Marneulidəki Azərbaycanlıların Mədəniyyət Nərkəzinin sədri Fazil Həsənov açaraq tədbirdə iştirak edən qonaqları soydaşlarımıza təqdim edib və tədbirin iki hissədə keçiriləcəyini vurğulayıb. Sonra millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva çıxış edərək 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Seyid Yəhya Bakuvinin 550 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edildiyi barədə məlumat verib və Seyid Yəhyanın qəbrinin Bakıda, İşərişəhərdəki Şirvanşahlar sarayının yanında dəfn edildiyini və onun türbəsi də olduğunu bildirib: “Bakuvi Azərbaycanın o qədər böyük şəxsiyyətidir ki, UNESCO 2013-cü ili dünyada onun adı ilə “Bakuvi ili” elan edib. Osmanlı sultanlarının səksən faizi Bakuvi yolunun davamçıları olub. Azərbaycanda da Şirvanşahlar özlərini Bakuvi davamçıları olaraq görüblər. Bakuvi Azərbaycan tarixinin böyük mədəniyyətinin şox önəmli bir hissəsidir. Seyid Yəhya Bakuvi Xəlvətilik cərəyanının əsaslarını qoyan bir insan olub. O, insanın mənəvi sağlamlığını, şəxsiyyət kimi formalaşmasının modelini yazan insan olub”.

Millət vəkili Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ilk türk qadını kimi UNESCO-nun xoşməramlı səfiri olduğunu və onun xeyirxah təşəbbüsü ilə bu təşkilatda Qobustanın, Novruz bayramının, aşıq musiqisinin, muğamımızın adı təsdiqləndiyini və indi də Çövkan oyununun təsdiq edilməsində böyük işlər görüldüyünü bildirib. “Məhz buna görə də bu ilin Seyid Yəhya Bakuvi kimi böyük şairi, dünya şöhrətli alimi ilk növbədə biz azərbaycanlılar tanımalıyıq. Düşünürəm ki, Bakuvinin əsərlərini oxuyan və bu kitablardan otuz faiz ibrət götürən gənclərimiz zərərli insan ola bilməz,” deyə Qənirə Paşayeva bildirib.

Q. Paşayeva din pərdəsi altında öz gizli maraqlarını həyata keçirən zərərli təriqətlərin olduğunu da bildirib: “Bu kitabı oxuyanda bəzi bölgələrdə olan radikal cərəyanların zərərli olduğunu başa düşəcəksiniz. İslamda mərhəmət, sevgi, xoşbəxtlik var. Bakuvi kitabında İslam dinindən, Quran ayələrindən, Məhəmməd Peyğəmbərin hədislərindən və Sufi alimlərinin əsərlərindən yararlanıb. Mən hesab edirəm ki, gənclərimiz bu əsəri oxumalı, ibrət götürməlidirlər”.

Tədbirdə Qənirə Paşayeva gətirdiyi kitabların Gürcüstandakı Azərbaycan məktəbləri ilə yanaşı, kitabxanalara, mədəniyyət evlərinə hədiyyə olunacağını bildirib.

Tədbirdə AYB-nin Aran bölməsinin sədri, “Ədəbiyyat qəzeti”nin şöbə müdiri Sərvaz Hüseynoğlu, Şairə Gülayə Rzayeva, müğənni Elza Seyidcahani, vokalçı İlham Əsgəroğlu və başqaları çıxış edərək böyük alimlərin Azərbaycan tarixində və ədəbiyyatında görkəmli yer tutan Seyid Yəhya Bakuvi yaradıcılığı haqqında ürək sözlərini bildiriblər.

Sonra tədbirin ikinci hissəsində millət vəkili Qənirə Paşayevanın “Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası”, “O”, “Səndən sonra”, “Məndən sonra” kitablarının təqdimatı və imza mərasimi keçirilib. Tədbirdə çıxış edən Qənirə Paşayeva bir müəllif kimi bu əsərlərin yazılma tarixi haqqında tədbir iştirakçılarına məlumat verib. Sonra tədbirdə Borçalıda yaşayan qələm sahibləri çıxış edərək son illərdə Qənirə Paşayevanın uğurlu yaradıcılığı haqqında fikir və arzularını bildiriblər. Tədbirdə Q. Paşayeva qələmə aldığı kitablarını gənc oxuculara, Borçalıda yaşayan ziyalılara, şair və yazıçılara hədiyyə edib.

Tədbirdə Gürcüstan parlamentinin deputatları, Türkiyədən gələn qonaqlar, ziyalılar, məktəb direktorları, jurnalistlər, gənclər iştirak edib.

AMM-in sədri Fazil Həsənov jurnalistlərə açıqlamasında keçirilən tədbiri “Kitab bayramı, mənəviyyat bayramı” adlandırıb: “Bu kitablar soydaşlarımızın ən çox ehtiyacı olan kitablardır. Son zamanlar biz çalışırıq ki, gənclərimizin bədii ədəbiyyata marağı daha da artsın və çalışırıq ki, Gürcüstana, soydaşlarımızın kompakt yaşadığı bölgələrə gələn rəsmi qonaqların, dövlət adamlarının diqqətini bu məsələyə cəlb edək ki, onlar hər dəfə Gürcüstana gələndə azərbaycandilli bədii ədəbiyyat gətirsinlər. Bu baxımdan bu gün keçirilən tədbiri mənəviyyat bayramı hesab edirəm”, deyə F. Həsənov qeyd edib.

“Ədəbiyyat qəzeti”nin şöbə müdiri Sərvaz Hüseynoğlu jurnalistlərə açıqlamasında Qənirə Paşayevanın kitablarının redaktoru olduğunu bildirib: “Qənirə xanımın kitablarında türkçülüyə, milli-mənəvi dəyərlərimizə qayıdış hesab edirəm. O, ədəbi düşüncələrini bu kitablarda qabarıq verib. Onun əsərləri Azərbaycan insanına ərməğandır”.

Millət vəkili Qənirə Paşayeva APA-ya açıqlamasında keçirilən tədbirin mənalı bir tədbir olduğunu və bu əsərlərin Gürcüstanda yaşayan soydaşlarımıza çatdırılmasının vacib olduğunu bildirib: “Seyid Yəhya Bakuvi yaradıcılığının bəhrəsi olan əsərlər barədə İstanbul Universitetinin kitabxanasında zəngin məlumat olduğunu bildirib: “Bu mövzuda Azərbaycanda və dünyada bir çox tədbirlər keçirilir. Borçalıda da belə bir tədbirin keçirilməsi vacib idi. Bakuvini öyrənmək tariximizin bir parçasını öyrənməkdir. Düşünürəm ki, Bakuvi haqqında digər millətlərə də məlumat vermək lazımdır. Bir gürcü oxucusu Bakuvini oxuyarsa bu əsərlər ona zənginlik verər. Bakuvi dünyaya sevgi yayan insan olub. Düşünürəm ki, soydaşlarımız gürcü oxucuları arasında Bakuvini geniş təbliğ edəcəklər”.

Qənirə Paşayeva özünün yazdığı kitabların gəncləri düşünməyə çağırdıqlarını bildirib: “Mən bu kitabları sadə dildə yazmışam. Ümid edirəm ki, şair və yazıçılarımız nəşr olunan kitablarının Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımız arasında təqdimatını keçirəcək və bu kitabları azərbaycandilli məktəblərə, ziyalılara hədiyyə edəcəklər. Mən bütün yazıçılarımızı buna çağırıram”, deyə Q. Paşayeva vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR