Astaradan İran sərhədinə qədər birxətli dəmir yolunda torpaq yatağının işlənməsi başa çatır

Astaradan İran sərhədinə qədər birxətli dəmir yolunda torpaq yatağının işlənməsi başa çatır
# 04 iyul 2016 08:24 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tikintisinin reallaşdırılması istiqamətində mühüm addımların atılması, Azərbaycanın tranzit potensialının artırılmasında, ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyindən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycan ilə İran dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli qoyulub, 1 mart tarixindən Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8, 3 km uzunluğunda yeni dəmir yolu xəttinin tikintisinə start verilib.

Aradan keçən qısa zaman ərzində Astara çayı üzərində tikiləcək dəmir yolu körpüsü aşırımında 24 ədəd 32 metr dərinliyində özül qoyulub, iki aşırımın dayağı tikilib.

Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 km uzunluğunda dəmir yolu xəttinin 7 kilometrində torpaq yatağının işlənməsi başa çatdırılıb. Relyefi mürəkkəb olan əraziyə 100-ə yaxın texnika cəlb olunub. Bu günə kimi 280 min kubmetr qum, qaya daşı, çınqıl döşənib və köhnə dəmir-beton məmulatı döşənib.

Ərazidə çirkab sularının axıdılması üçün 14 ədəd suötürücü qurğu tikilməlidir. Bunun 7 ədədi artıq hazırdır. Eyni zamanda dəmir yolu xəttinin çəkildiyi əraziyə düşən elektrik və qaz xətlərinin köçürülməsi davam etdirilir. Bu işlər yaxın vaxtlarda başa çatacaq. Bütövlükdə bu ərazidə köçürülməli olan 315 obyekt var. Bunun da 10-u yaşayış evidir. Artıq 60 yaxın obyektin, o cümlədən 3 evin köçürülməsi başa çatıb. Digərlərinin sənədləşməsi aparılır. Həm körpünün, həm də dəmir yolu xəttinin tikintisinin cari ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan qanunu ilə ölkəmiz “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında” sazişə qoşulub.

Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR