Qüdrət Həsənquliyev: “Hərbi potensialımız Ermənistandan 10 dəfə artıq olmalıdır” - VİDEO

Qüdrət Həsənquliyev: “Hərbi potensialımız Ermənistandan 10 dəfə artıq olmalıdır” - <span style="color: red;">VİDEO
# 08 noyabr 2014 14:16 (UTC +04:00)

Bakı-APA. "22 ildir normal mənzil şəraiti ilə təmin olunacağını gözləyən məcburi köçkünlərimiz var, onların bir çoxu hələ də yataqxanalarda acınacaqlı vəziyyətdə yaşayırlar". Bu fikirləri APA TV-də efirə gedən “Manşet” proqramının qonağı, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

Millət vəkilinin sözlərinə görə, qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasına dair təkliflərini parlamentdə gedən büdcə müzakirələrində səsləndirib: “Artıq hökumət tərəfindən Milli Məclisə büdcə layihəsi təqdim olunub. Komitələrdə müzakirə başlayıb. Komitələrin birgə iclasını keçirdik və maliyyə naziri Samir Şərifov büdcə layihəsini təqdim etdi. Biz də büdcəyə öz təkliflərimizi verdik. Bu ilki büdcə kifayət qədər iri həcmli büdcədir, burada büdcəyə Dövlət Neft Fondundan böyük transferlər nəzərdə tutulur. Müzakirələr zamanı müxtəlif fikirlər səsləndi. Diqqəti qaçqınların, məcburi köçkünlərin ev probleminin həll olunması məsələsinə, o cümlədən şəhid ailələrinin və əlillərin mənzil problemlərinin həlli məsələlərinə yönəltməyə çalışdım. Bundan başqa cəmiyyətimizdə elm və səhiyyənin necə inkişaf etdirilə biləcəyinə dair diskussiyalar gedir. Aparıla biləcək islahatlarla bağlı mən də öz fikirlərimi bildirdim. Bu il qaçqınların ev şəraitinin yaxşılaşdırılması üçün büdcədən 300 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Fikrimcə, bu vəsait bir qədər azdır. Əlillər və şəhid ailələrinin mənzillə təmin olunmasına isə 20 milyon vəsait nəzərdə tutulub. Biz müharibə şəraitindəyik , müharibə hələ də başa çatmayıb, ona görə də bu məsələlər həm gənc nəslin tərbiyə olunması baxımından, həm də əsgərlərimizdə vətənpərvərlik ruhunun qaldırılması baxımından son dərəcə mühüm addımlardır. Hər birimizin və dövlətin borcudur ki, o kateqoriyadan olan insanlara xüsusi həssaslıqla yanaşsın. Kiçik bir araşdırma aparsaq görərik ki, bu məsələnin həlli üçün hər il 60 milyon manat vəsait ayrılmalıdır, amma bunun üçdə biri vəsait ayrılır. Mən təklif etdim ki büdcəyə Dövlət Neft Fondundan əlavə olaraq 2 milyard vəsait ayrılsın”.

Qüdrət Həsənquliyev Azərbaycanın neft satışından əldə etdiyi gəlirlərin xarici banklarda saxlanmasının ölkənin sabitliyinə və təhlükəsizliyinə təhdid olduğunu deyib: “Bu vəsaitin miqdarı artdıqca böyük dövlətlərin Azərbaycana marağı da artır və onlar çox vaxt çalışırlar ki, özlərinin istədiyi siyasi qüvvələri hakimiyyətə gətirsinlər, ümumiyyətlə, ara qarışsın. Nəticədə bu vəsaiti xərcləsinlər və ya dondursunlar. Bunun üçün də xarici banklarda çox pul saxlamaq qorxuludur, o pulları gətirib Azərbaycan iqtisadiyyatının inkişafına, Azərbaycandakı sosial problemlərin həllinə yönəltmək lazımdır. Əgər dediyim vəsait əlavə olunarsa, biz həm qaçqınların ev problemini, həm də əlillərin və şəhid ailələrin problemini həll edə bilərik. İndi ayrılmış vəsaitlə isə beş il ərzində deyil, heç on illər ərzində də bu problemi həll etmək mümkün olmayacaq".

Millət vəkili Azərbaycanın ən ağrılı problemlərindən birinin ölkədə , xüsusilə bəzi bölgələrdə təhsilin səviyyəsi ilə bağlı olduğunu deyib: "Bəzi bölgələrdə qızlar, bəzilərində isə oğlanlar məktəbə getmir. 1995-ci ildə Konstitusiya qəbul olunanda çox uzaqgörənliklə qeyd olunmuşdu ki, Azərbaycanda orta ümumtəhsil icbaridir və dövlət bu təhsilin həyata keçirilməsini təmin edir. Təəssüf ki, sonra “Təhsil haqqında qanun”a tamamilə Konstitusiyaya zidd olan bir müddəa daxil etdilər. Bu da ona gətirib çıxartdı ki, bir çox rayonlarımızda bu problem daha da sərtləşdi. Nəticədə qız uşaqları məktəbə getmirlər və ailə qurmaq barədə fikirləşirlər. Bəzən valideynlər də övladlarını bu yola təhrik edir. Təhsilin səviyyəsini yüksəltmək, yüksək ixtisaslı kadrlar yetişdirmək üçün mütləq dövlət universitetləri özəlləşdirməlidir. İnkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etmək lazımdır. Dünyada reytinq cədvəli üzrə 200 universitet var və onların içində bir dənə də olsun dövlət universiteti yoxdur. Onsuz da bizim universitetlərdə 75 faiz təhsil pulludur, əgər pulludursa, niyə biz bunu özəlləşdirmirik ki, universitet büdcəyə vergi versin? Qarşılığında isə imkansız uşaqlar bu universitetlərdə oxusun deyə təhsil kreditləri vermək lazımdır. Yeri gələndə isə müəyyən kateqoriyalı insanların təhsil haqqını dövlət özü ödəyə bilər. Bu özəlləşdirmədə iştirak edən şəxslər onsuz da hökumətə yaxın şəxslər olacaqlar, amma nədənsə bu özəlləşdirmə həyata keçirilmir. Belə olsa universitetlərdə professor və müəllim heyəti çox yüksək maaş alacaq və dövlət indiyədək universitetlər üçün ayırdığı vəsaiti orta məktəblərə yönələcək. Orta məktəblərdə də müəllimlərim maaşın dəfələrlə artırmaq mümkün olacaq ki, bu da elmin inkişafına öz tövhəsini verəcək. Bundan başqa, universitetlər rəqabətə davam gətirmək üçün çalışacaqlar ki təhsil keyfiyyətini qaldırsınlar. İndiki halda imkanlı valideyn övladı üçün yaxşı repetitor tutur, imkansız isə tuta bilmir. Nəticədə imkanlı valideynin övladı daha çox bal toplayaraq pulsuz təhsil alır, yaxşı repetitor tutmağa imkanı olmayan valideynin övladı isə pullu təhsil alır. Nəticədə sosial ədalət prinsipi pozulur. Səhiyyə sahəsində də eyni qaydada problemlər mövcuddur, ona görə də dövlət həkimlərin maaşın artıra bilmir, bütün neqativ hallar qalır, xəstələr məcbur olurlar ki dövlət xəstəxanalarında həkimlərə könüllü olaraq pul versinlər. Azərbaycanda icbari tibbi sığorta tətbiq olunmalıdır, özəlləşdirmə prosesi ilə büdcəyə çox böyük vəsaitlər daxil ola bilər”.

Qüdrət Həsənquliyev büdcədə hərbi xərclərə ayrılan vəsaitin artırılmalı olduğunu deyib: “Qarabağı işğaldan azad etmək istəyiriksə, bilməliyik ki, Ermənistana hərbi kömək halları da mümkün ola bilər. Belə olduğu halda Azərbaycan çox böyük güclərlə üz-üzə gəlməli olacaq. Buna görə də bizim hərbi potensialımız Ermənistanın hərbi potensialından bir-iki dəfə yox, 10 dəfə artıq olmalıdır".

Millət vəkili qeyd edib ki, dövlət qulluğunda çalışan məmurların, gənclərin çoxunun maaşı ilkin kapital toplamağa imkan vermir: “Buna görə də gənclər ipoteka kreditlərindən istifadə edə bilmirlər. Ona görə də ilk növbədə ipoteka kreditləri uzunmüddətli olmalı və ilkin ödəmə mexanizmi aradan qaldırılmalıdır. İndi isə gənclər faktiki surətdə bu hüquqdan məhrum olur və artıq başqa yollar haqqında düşünməyə məcbur olur və bu da dövlətin təməlini sarsıdır. İpoteka kreditlərinin verilməsinə tamamilə yenidən baxılmalıdır".

BAXCP sədri Müsavat Partiyasında gedən proseslərə də toxunub: “Müsavat Partiyası bir fərdin ətrafında yaranıb. Həmin şəxs də partiyanın liderliyindən imtina edirsə, həmin partiyada ciddi qarşıdurmaların və çaxnaşmaların olması qaçılmazdır. Bizdə hələ demokratik vərdişlər tam olaraq oturuşmayıb, cəmiyyətdə demokratiya və siyasi mədəniyyətlə bağlı problemlər var. Uzun illər çiyin-çiyinə mübarizə aparmış insanlar, demokratiya quruculuğundan, insan haqlarından danışan, demokratik seçki tələbi ilə çıxış edən insanlar 430 nəfərin arasında normal seçki təşkil edə bilmədilər. Bunu nümunəvi qaydada təşkil edib cəmiyyətə göstərə bilmədilər. Müsavat Partiyasının bundan sonra heç bir perspektivi yoxdur, orda bir-birinə nifrət edən, çirkin iftira atan qruplaşmalar var. Onlar da batmaqda olan bu qayığı tərk edəcəklər. Qubad İbadoğlu iqtisadçı kimi normal iqtisadçıdır, amma Arif Hacılı kimi o da demokrat deyil. Bundan sonra bu partiyadan hər hansı uğur, ciddi nailiyyətlər gözləməyə dəyməz”.

Qüdrət Həsənquliyev Milli Şuranın mitinqlərə başlamaq niyyətinə də münasibət bildirib və bunu "hakimiyyətin mənafeyinə uyğun addım" kimi qiymətləndirib:“Hakimiyyət ölkədə radikal müxalifətin başında Əli Kərimlinin dayanmasında maraqlıdır. Ona görə ki, onun xarakterini və onunla necə işləmək lazım olduğunu bilirlər. İstəyirlər ki Qərb də əsas radikal müxalifətin təmsilçisi kimi onu qəbul eləsin. Onsuz da heç bir özünə hörmət edən qüvvə Əli Kərimli ilə müttəfiqlik etməyəcək. Əli Kərimli də bunu çox gözəl başa düşür və bir çox hallarda hakimiyyətin maraqlarına cavab verən açıqlamalar verir".

Bələdiyyə seçkilərinə hazırlıq prosesini dəyərləndirən BAXCP sədri qeyd edib ki, hazırda ölkədə bələdiyyələrin statusu son dərəcə aşağıdır: “Onların təcrübələri olduğu halda, səlahiyyətləri artırılmır, əksinə yeni qəbul olunmuş qanunlar bələdiyyələri bir az da asılı edir. Bələdiyyələrin statusu haqqında təzə qanun qəbul elədik, bu qanuna görə bələdiyyələri geri çağırmaq olar. Bələdiyyələri geri çağırmaq üçün iki min adam yığmaq lazımdır, amma bunun üçün məhəllə komitəsində bu qədər insanın toplaşması üçün zallar yoxdur. Kim insanları çağırıb ora yığacaq, bunun təşkilatçısı kim olacaq? Proseduralar tam işlənməyib, ikincisi də bu mexanizmin bizim qanunvericiliyimizə gətirilməsi zərərlidir. Ona görə də bələdiyyə seçkilərinə az vaxt qalır, amma bu seçkilərə maraq çox azdır. Düşünürəm ki, siyasi partiya bütün seçkilərdə iştirak etməlidir. O bələdiyyənin statusu az olsa da, partiyanın üzvləri ora seçilməli, məhdud səlahiyyətlər çərçivəsində belə fəaliyyət göstərməlidirlər. Həm də bu bir təbliğat imkanıdır və hesab edirəm ki zəruridir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR