Çingiz Hüseynzadə: “Təşkilati məsələlərin hamısı yüksək səviyyədə həll olunub”

Çingiz Hüseynzadə: “Təşkilati məsələlərin hamısı yüksək səviyyədə həll olunub”
# 29 may 2015 12:50 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Bu gün MOK-un inzibati binasında Avropa Oyunlarında iştirak edəcək idmançılarımızla görüş keçirilib. Görüşdə iştirak edən Hüseynzadə idmançılarımızdan uğur gözlədiyini bildirib: “Avropa Oyunları ilə bağlı çoxlu işlər görülür. Gözəl idman obyektləri yaradılır, infrastruktur düzəldilib. Təşkilati məsələlərin hamısı yüksək səviyyədə həll olunub. Bir məsələ qalıb. Bu da əziz idmançılar, sizin boynunuzda qalır. Yəni bizim idmançıların bu oyunlarda gözəl çıxışı, yüksək nəticələri. Əminəm ki, siz doğma divarlarımız arasında var qüvvənizlə gözəl nəticələr göstərməyə çalışacaqsız. Siz bu nəticələri əldə edəcəksiz. Biz də öz tərəfimizdən Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi tərəfindən sizin üçün lazım olan hər bir şəraiti yaratmağa hazırıq”.

MOK-un vitse-prezidenti qeyd edib ki, Avropa Oyunları müddətində idmançılarla mətbuat nümayəndələri tez-tez görüşəcəklər: “Bir şeyi əlavə etmək istəyirəm ki, iyunun 14-dən başlayaraq, hər gün mətbuata bu binanın qapıları açılacaq və bütün idmançılar, yəni ayın 13-də nəticə göstərib, qələbə, medal qazanan idmançıları biz bura dəvət edəcəyik. Onların valideynləri, dostları ilə birlikdə burda qələbələrini qeyd edəcəyik və bu, hər gün davam edəcək. Yadınızda saxlayın, siz bu gün medal qazanmısızsa, sabah sizin şərəfinizə burda təmtəraqlı mərasimlər keçiriləcək. Siz bu mərasimə istədiyiniz adamlarla gələ biləcəksiniz. Bu mərasimdə çəkilişlər olacaq, sizdən müsahibələr alacaqlar və televiziyada da bu mərasim nümayiş etdiriləcək. İyunun 29-da isə biz bütün idmançıları bura toplayıb, yekun tədbir keçirəcəyik və o da birbaşa televiziya kanalları vasitəsilə yayımlanacaq. Biz həmin tədbirdə bütün idmançıları təbrik edəcəyik. Sizə ən böyük arzum ancaq qələbə qazanmaq, bu oyunlarda Azərbaycanın adını uca tutmaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR