Mario Balotelli Azərbaycana gələ bilər

Mario Balotelli Azərbaycana gələ bilər
# 28 sentyabr 2015 13:47 (UTC +04:00)

Bakı – APA. “Milan”ın hücumçusu Mario Balotelli gələn ay Azərbaycana gələ bilər. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, yerli ictimaiyyət ulduz futbolçunun yenidən yığmaya dəvət alacağını gözləyir.

“Skuadra Adzurra”nın baş məşqçisi Antonio Konte Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda Azərbaycan, 13-də isə Romada Norveçlə keçiriləcək oyunlar üçün heyəti bu həftəsonu açıqlamağı düşünür. “Milan”a yay fasiləsində “Liverpul”dan icarəyə əsasında keçən Balotelli də uğurlu çıxışı ilə diqqət çəkir. 25 yaşlı forvard yerli mətbuata qısa açıqlamasında gözünün Kontenin açıqlayacağı siyahıda olduğunu söyləyib.

“Milan”ın vitse-prezidenti Adriano Qalliani də bu məsələ ilə bağlı münasibət bildirib. O da Marionu yenidən milli formada görmək istədiyini vurğulayıb: “Balotelli bu ay həm meydançada, həm də ondan kənarda özünü əla tərəfdən göstərdi. Bundan sonra necə olacağını deyə bilmərəm. Fakt odu ki, Mario hazırda əla formadadı və yığmada oynamağa layiqdi”.

Qeyd edək ki, Mario Balotelli sonuncu dəfə ötən ilin iyun ayında dünya çempionatının final mərhələsində İtaliya yığmasının formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR