TQDK sədri: “Ötən il bəzi rayonların məzunlarının əksəriyyəti 100-dən aşağı bal toplayıb”

TQDK sədri: “Ötən il bəzi rayonların məzunlarının əksəriyyəti 100-dən aşağı bal toplayıb”
# 01 fevral 2013 09:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “2012-ci ildə Azərbaycanda 10000 IX, 5000-dən çox XI sinif şagirdi buraxılış imtahanlarında iştirak etməyiblər. Bu şagirdlər buraxılış imtahanında iştirakla bağlı Komissiyaya heç bir müraciət etməyiblər”. APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunan tədbirdə deyib.

O bildirib ki, bu uşaqlarla bağlı heç bir məlumat daxil olmayıb. TQDK sədrinin sözlərinə görə, bu məsələ ciddi şəkildə araşdıracaq: “Rayon təhsil şöbələri də bununla bağlı müvafiq işlər görsünlər. Əgər həmin uşaqların attestat və diplomların varsa, bu barədə komissiyaya təqdim etsinlər. Amma bunun nəticəsində növbəti sual yaranır. Əgər onlar buraxılış imtahanlarında iştirak etməyiblərsə, onlar attestat və diplomları necə əldə ediblər”.

M.Abbaszadə ali məktəblərə qəbul imtahanlarında 150-200 bal toplayan abituriyentlərin də akademik göstəriciləri, onların ali məktəblərdə oxuya bilib-bilməməsi ilə bağlı maraqlanacaqlarını qeyd edib. O bildirib ki, ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərənlər dövlət sifarişli yerləri qəbul olan abituriyentlər olur: “Bunun nəticəsində özəl ali məktəblərdə kifayət qədər boş yerlər qalır”.

TQDK sədri qeyd edib ki, Azərbaycanda ali məktəbə qəbul olma göstərici şəhər məzunları arasında daha yüksəkdir: “Bu, daha çox əhalinin iqtisadi vəziyyəti və digər amillərlə əlaqədardır. Təəssüflə qeyd etmək lazımdır ki, 2012-ci ildə bəzi rayonların məzunlarının əksəriyyəti 100-dən aşağı bal toplayıb. Belə ki, Naftalan şəhəri, Ağsu, Zərdab, Şabran, Xaçmaz, Lerik, Qobustan, Siyəzən, Samux, Astara, Hacıqabul və Ucar rayonları, eləcə də Naxçıvan MR-in Sədərək, Babək və Culfa rayonlarını təmsil edən abituriyentlərin 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR