Britaniya parlamenti Lordlar Palatasının bir qrup üzvü: “Xocalı faciəsini törədənlər mütləq ədalət məhkəməsi qarşısında cavab verməlidirlər”

Britaniya parlamenti Lordlar Palatasının bir qrup üzvü: “Xocalı faciəsini törədənlər mütləq ədalət məhkəməsi qarşısında cavab verməlidirlər”
# 23 fevral 2015 12:15 (UTC +04:00)

Bakı - APA. Britaniya parlamenti Lordlar Palatasının bir qrup üzvü Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: “Biz, Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvləri, Xocalıda törədilmiş kütləvi qırğının 23-cü ildönümü ərəfəsində Sizə yazaraq, Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bildiririk. 26 fevral 1992-ci il tarixində Xocalıda 366-cı sovet alayının köməyi ilə işğalçı Ermənistan Silahlı Qüvvələri 613 günahsız silahsız vətəndaşı qətlə yetirib.

Biz bu, çox kədərli ildönümü ərəfəsində Azərbaycan xalqının kədərini paylaşır və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılması əsasında münaqişənin həllinə yönəlmiş yorulmaz səylərinizi dəstəkləyirik.

Bizim bir çoxumuz Azərbaycanda olmuş və qaçqın düşərgələrində məskunlaşmış məcburi köçkünlərin məşəqqətli həyatının şahidi olmuşuq. Xocalıda baş verənlər heç şübhəsiz ki, humanitar faciədir və bu faciəni törədənlər mütləq ədalət məhkəməsi qarşısında cavab verməlidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması qarşısında əsas əngəldir. Sizin ölkənizin mühüm strateji və iqtisadi tərəfdaşı kimi, Böyük Britaniya münaqişənin sülh yolu ilə həllində və Cənubi Qafqazın sabitlik və rifah regionuna çevrilməsində maraqlıdır. Məhz buna görə də ATƏT-in Minsk qrupu tərəfindən münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarının daha da intensivləşdirilməsi və hərtərəfli sülh planı üzərində işə başlanılması olduqca vacibdir.

Zati-aliləri, bir daha xahiş edirik, sizin xalqınız üçün çox kədərli olan bu gündə bizim başsağlığımızı qəbul edəsiniz”.

Müraciəti Britaniya Parlamenti Lordlar Palatasının üzvləri Lord Deyvid Evans, Baronessa Detta Okahoyn, Lord Riçard Rizbi, Lord Maykl German, Lord Entoni Sent Con, Vikont Trençard, Baronessa Zahida Manzur imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR