“Qəbələ” Futbol Akademiyasına yeni direktor təyin edilib

“Qəbələ” Futbol Akademiyasına yeni direktor təyin edilib
# 18 aprel 2013 12:45 (UTC +04:00)

Bakı – APA. Bu gün “Qəbələ” Futbol Akademiyasının yeni direktorunun təqdimat mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis Stenli Brardın bu vəzifəyə təyinatı rəsmiləşib. Bunadək Hollandiyanın “Feyenoord” klubunda eyni postu tutan 55 yaşlı mütəxəssis fəaliyyətini ölkəmizdə davam etdirəcək.

2005-ci ildən Rotterdam təmsilçisinin akademiyasının direktoru olan Brard Əli Yavaşın istefasından sonra boş qalan postu tutub. Belə ki, ötən ilin iyulunda türkiyəli mütəxəssis akademiyanın direktoru vəzifəsini tərk etmişdi. Həmin vaxtdan 10 ay boş qalan post axır ki sahibini tapıb.

Brardın iştirakı ilə keçirilən mətbuat konfransında klubun vitse-prezidenti Fariz Nəcəfov çıxış edib. O bildirib ki, 2009-cu ildə klub prezidentinin təşəbbüsü ilə yaradılan akademiyanın 10 ay direktorsuz qalması bu posta ən yaxşı namizədin axtarışları ilə bağlı olub. Klub rəhbərliyi akademiyanın tarixinə 2-ci rəhbər kimi düşən hollandiyalının uğur qazanacağına inanır.

Qeyd edək ki, Brard futbolçu kimi “Feyenoord” və “Valviyk”in şərəfini qoruyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR