Azərbaycanda qaçqın statusu verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə xeyli güzəştlər tətbiq olunur

Azərbaycanda qaçqın statusu verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə xeyli güzəştlər tətbiq olunur
# 14 oktyabr 2014 08:36 (UTC +04:00)

Bu kateqoriyadan olan şəxslərə ölkədə əmək fəaliyyəti ilə məşğul olmaq üçün güzəştlər də tətbiq olunacaq.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanunun 6, 15 və 16-cı maddələrinə əlavə və dəyişikliklər edilir.

Layihəyə əsasən 6-cı maddəyə edilən əlavəyə görə, “Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onlara Azərbaycan Respublikasının hüdudlarından kənara getmək üçün verilən “Yol sənədi” əsasında Azərbaycan Respublikasından gedə və viza almadan Azərbaycan Respublikasına gələ bilərlər”.

Qanunun 15-ci maddəsinə edilən əlavəyə görə isə, “Qaçqın statusu verilmiş, habelə Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar qəbul edilmir”.

Bundan başqa, qanunun 16-cı maddəsinə edilən əlavədə də bildirilir ki, “Qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin alınması tələb olunmur”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və oktyabrın 17-də müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR