Dövlət Gömrük Komitəsinin sədri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
# 26 may 2015 09:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkunu qəbul edib.

DGK-dan “APA-Economics”ə verilən məlumata görə, A. Əliyev qardaş ölkənin səfiri ilə görüşdən məmnun olduğunu söyləyərək, ölkəmizin xarici iqtisadi siyasətində Türkiyə Cümhuriyyəti ilə əlaqələrə xüsusi önəm verildiyini, gələcəkdə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

A. Əliyev əlaqələrin daim yüksələn xətlə inkişaf etdiyini qeyd edərək iqtisadi-ticari münasibətlərdən də söhbət açıb, iki qardaş ölkənin gömrük qurumları arasındakı əlaqələrdən, əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, xüsusilə qarşılıqlı təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə, o cümlədən iqtisadi sferada əldə olunan nailiyyətlərdən danışan DGK sədri xarici iqtisadi münasibətlərdə Türkiyənin Azərbaycan üçün xüsusi önəm daşıdığını bildirərək, ümumilikdə qardaş ölkənin respublikamızla iqtisadi əlaqələrdə öncül yerlərdə qərarlaşdığını məmnunluqla diqqətə çatdırıb.

Türkiyəli diplomat ölkədə səfir kimi fəaliyyət göstərməsindən şərəf duyduğunu, respublikamızda hərtərəfli və sürətli iqtisadi inkişaf tempindən xeyli məmnun qaldığını diqqətə çatdırıb. Ölkələrimiz arasında istər siyasi-iqtisadi, istərsə də mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən türkiyəli diplomat xüsusilə, iqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib.

O, iki ölkənin uyğun qurumları arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb, təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib. Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR