Xızıda 32 sahibkara 4,5 mln. manat güzəştli kredit verilib

Xızıda 32 sahibkara 4,5 mln. manat güzəştli kredit verilib
# 17 iyul 2014 15:03 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu Xızı rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

İSN-in mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, işgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Xızıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Xızı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kiçik cins heyvandarlıq və arıçılıq (o cümlədən sənaye üsulu ilə bal istehsalı müəssisəsinin) təsərrüfatlarının, pendir istehsalı və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, bu investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2014-cü ilin ötən dövrü ərzində 2 842 sahibkara 132,5 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6 300-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verir. İndiyədək Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 878 investisiya layihəsinin maliyyələşdirilməsinə (bugünkü işgüzar forumda verilən kreditlər də daxil olmaqla) 202 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlər, quşçuluq fabrikləri, istixana təsərrüfatları, çörək zavodları, tikinti materialları, yüngül və yeyinti sənayesi məhsullarının istehsalı, ət emalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 13 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Xızı və ətraf rayonlardan olan 32 sahibkara 4,5 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq, polietilen örtüklər və polipropilen boru və tara istehsalı, quşçuluq, tikinti materialları istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Xızı rayonunda keçirilmiş işgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb. Forum çərçivəsində Xızıda güzəştli kredit ayrılmış heyvandarlıq təsərrüfatlarının fəaliyyətinə baxış keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR