İvitsa Daçiç: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirəm"

İvitsa Daçiç: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirəm"
# 01 iyun 2015 16:02 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bunu Azərbaycanda səfərdə olan Serbiya baş nazirinin müavini və xarici işlər naziri, ATƏT-in sədri İvitsa Daçiç parlamentdə təmsil olunan siyasi partiyaların liderləri ilə görüşündə deyib.

O qeyd edib ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərin siyasi iradə nümayiş etdirməsini vacib sayır. Görüş zamanı İvitsa Daçiç Serbiya ilə Azərbaycan arasındakı əlaqələrdən məmnunluqla danışıb: “Dost ölkələrimizi strateji əməkdaşlıq telləri bağlayır”.

Görüş zamanı YAP icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin tərkibi, parlamentdə 11 siyasi partiyanın təmsil olunduğu barədə qonağa məlumat verib. O, qonaqları Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarında görmək istədiyini bildirib. S. Novruzov Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən söz açıb. Bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazılığı diqqətə çatdırıb. S. Novruzov separatçı rejim tərəfindən həbs olunaraq ağır cəzaya məhkum edilmiş azərbaycanlı girovlar Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad edilərək Azərbaycana qaytarılması üçün ATƏT-in köməyinə ehtiyac olduğunu söyləyib. Qarşıdan parlament seçkilərinin gəldiyini qeyd edən deputat ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda keçirilən bütün seçkilərə qərəzli yanaşmasına etirazını bildirib.

Görüşdə Ümid Partiyasının sədri İqbal Ağazadə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli addımların atılması vacibliyini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR