«PAŞA Həyat Sığorta» istehsalatda həyatını itirmiş şəxsin ailəsinə 38 min manata yaxın sığorta ödənişi edib

«PAŞA Həyat Sığorta» istehsalatda həyatını itirmiş şəxsin ailəsinə 38 min manata yaxın sığorta ödənişi edib
# 02 aprel 2013 11:50 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan «PAŞA Həyat Sığorta» ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti irihəcmli ödənişini həyata keçirib.

Şirkətin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, sığorta hadisəsi Azərbaycanda istehsalat sahəsində fəaliyyət göstərən müəssisələrin birində baş verib. Belə ki, «PAŞA Həyat Sığorta»da sığortalanan həmin müəssisənin işçisi istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində həyatını itirib.

Bağlanmış icbari sığorta müqaviləsində qeyd olunan müvafiq şərtlərə uyğun olaraq, həmçinin «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası»nın müvafiq bəndi tətbiq edilməklə 37 793 manat həcmində birdəfəlik sığorta ödənişi vəfat etmiş sığorta olunanın faydalanan şəxsinə ödənilib.

Qeyd edək ki, 2013-cü ilin əvvəlindən indiyədək «PAŞA Həyat Sığorta» şirkəti tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə 142 min manatdan çox sığorta ödənişi verilib.

Xatırladaq ki, «PAŞA Həyat Sığorta» ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Cari il aprelin 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR