"Silahlı Qüvvələrdə şəxsi heyətin mənəvi-psixoloji təminatının aktual məsələləri" mövzusunda elmi-praktik konfrans keçirilib

"Silahlı Qüvvələrdə şəxsi heyətin mənəvi-psixoloji təminatının aktual məsələləri" mövzusunda elmi-praktik konfrans keçirilib
# 29 sentyabr 2014 13:04 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən cəbhə bölgəsində yerləşən N saylı hərbi hissədə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən "Silahlı Qüvvələrdə şəxsi heyətin mənəvi-psixoloji təminatının aktual məsələləri" mövzusunda elmi-praktik konfrans keçirilib.

APA-nın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin rəhbərliyi ilə keçirilən tədbirdə Müdafiə Nazirliyinin müvafiq idarə, xidmət, şöbə rəisləri, Əlahiddə Ümumqoşun Ordusunun, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin komandir və rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri, psixoloqlar, hərbi xidmətdə fərqlənən, zabitlər, gizirlər, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və əsgərlər iştirak ediblər.


Konfransda Silahlı Qüvvələrdə şəxsi heyətin mənəvi-psixoloji təminatının aktual məsələlərinə dair məruzə və çıxışlar edilib, geniş müzakirələr aparılıb, təklif və tövsiyələr verilib.


General-leytenant Kərim Vəliyev bildirib ki, son zamanlar Silahlı Qüvvələrdə aparılan islahatlar şəxsi heyətin döyüş əzminin, mənəvi-psixoloji və peşəkar hazırlığı səviyyəsinin yüksək olduğunu deməyə əsas verir: "Ordu quruculuğunun əsasını təşkil edən mənəvi-psixoloji təminat Silahlı Qüvvələrin döyüşə hazır olmasının ən əsas göstəricilərindən biridir. Ordu potensialına görə güclü ola bilər, lakin şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yetərincə deyilsə, o ordu məğlubiyyətə düçardır. Bizim ən əsas vəzifəmiz ordunun döyüş qabiliyyətini artırıb, torpaqlarımızı düşməndən azad etməkdir. Yüksək nizam-intizam, təşkilatçılıq, şəxsi igidlik, qəhrəmanlıq nümunələri və bacarıq şəxsi heyətin zəruri keyfiyyətləridir. İnsan faktoru ən vacib faktor kimi qalmaqdadır, bunu hər kəs bilməlidir".


Konfransda mövzu ilə bağlı məruzələr dinlənilib.


Sonda Müdafiə nazirinin əmrinə əsasən Silahlı Qüvvələrdə keçirilmiş "Ən yaxşı ictimai-siyasi hazırlıq qrupu", "Ən yaxşı təşviqat işi" müsabiqələrinin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılıb. Müdafiənin ön xəttində xüsusilə fərqlənən hərbi qulluqçulara Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təsis etdiyi "Vətənə nümunəvi xidmətlərinə görə" mükafatı təqdim olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR