ATƏT-in xüsusi nümayəndəsi: “Azərbaycanın insan alverinə qarşı mübarizə sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirirəm”

ATƏT-in xüsusi nümayəndəsi: “Azərbaycanın insan alverinə qarşı mübarizə sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirirəm”
# 13 mart 2015 15:00 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ATƏT-in insan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi və koordinatoru Madina Carbusınova Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizə sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.

APA-nın xəbərinə görə, ATƏT-in mətbuat xidmətinin məlumatında bildirilir ki, səfir Madina Carbusınova 2012-ci ildə ATƏT tərəfindən reallaşdırılan səfərdən sonra hazırlanan hesabatda qeyd olunan insan alverinə qarşı fəaliyyətlə bağlı tövsiyələrin nə dərəcədə yerinə yetirildiyini qiymətləndirmək üçün 4 gün Azərbaycanda səfərdə olub: “Mən Azərbaycanın rəsmi şəxsləri tərəfindən edilən dəyərli səyləri yüksək qiymətləndirirəm. Həmçinin hökumətin insan alverinə qarşı fəaliyyəti gücləndirmək üçün qəbul edilən son qanun dəyişikliyini də xüsusilə qeyd etmək istəyirəm”.

Məlumata əsasən, insan alverinin və əməyin istismarı ilə bağlı cinayət məsuliyyətinin sərtləşdirilməsi və qurbanların repatriasiyası ilə bağlı qaydaların qəbulu qanunvericiliyə edilən əsas iki dəyişiklikdir: “Azərbaycanın inkişaf etməkdə olan iqtisadiyyatı onu əməkçi miqrantlar üçün daha cəlbedici edib. Bu səbəbdən ölkə hazırda miqrant işçilərin istismarı və sui-istifadəsinin qarşısını almaq kimi məsələlərlə üzləşir. ATƏT-in Bakıdakı layihə-koordinatoru hökumətlə yüksək səviyyəli əməkdaşlıqdan məmnundur, dövlət və vətəndaş cəmiyyəti tərəfindən insan alverinə qarşı səylərə dəstək verməyə davam edir. Bizim ofisin 2012-ci il tövsiyələrindən sonra əməyin istismarının qarşısının alınması istiqamətində çox işlər görülüb. Mən rəhbərliyi əvvəlcədən xəbərdar etmədən risk daşıyan sahələri, xüsusilə tikinti meydançalarını təftiş etməyə çağırıram. Mən bunu deməkdən çox məmnunam ki, Azərbaycanın insan alverinə qarşı mübarizə sahəsində son fəaliyyət planı əməyin istismarı sahəsinə xüsusi diqqət yetirir”.

M.Carbusınova Azərbaycana səfəri çərçivəsində Bakı və ətraf rayonlarda insan alverinin qurbanına çevrilmiş şəxslər üçün salınmış sığınacaqlara baş çəkib. O, həmçinin ölkənin ikinci böyük şəhəri olan Gəncədə açılan bu imkanları dəstəkləyib: “Həqiqətən də qurbanların müdafiəsi və cəzalandırılması kimi yardımlar müasir dövrdə köləliyin aradan qaldırılmasının əsas elementlərindəndir”.

Səfər zamanı M.Carbusınova əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, daxili işlər nazirinin müavini, İnsan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazov, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Ali Məhkəmənin Cinayət işləri üzrə Kollegiyasının sədri Şahin Yusifov, Milli Məclisin sədr müavini, iki komitənin rəhbəri və Ombudsman aparatının üzvləri də daxil olmaqla yüksək vəzifəli şəxslərlə görüşüb. O, həmçinin vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların üzvləri ilə də bir araya gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR