Azərbaycan və Türkiyənin müharibə veteranları əməkdaşlıq edəcək

Azərbaycan və Türkiyənin müharibə veteranları əməkdaşlıq edəcək
# 07 noyabr 2012 09:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bakıda Azərbaycan və Türkiyə müharibə veteranlarının iştirakı ilə konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə Türkiyədən Müharip Qazilər Dərnəyinin (TÜMQAZİDER) sədri Şürkü Tandoğanın başçılığı altında nümayəndə heyəti təmsil olunub.

Tədbirdə çıxış edən Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyinin fəxri sədri, ehtiyatda olan polkovnik Telman Mehdiyev bildirib ki, TÜMQAZİDER Türkiyənin müharibə veteranlarını özündə birləşdirən ən böyük təşkilatlardandır: “Biz müharibə veteranları olaraq Türkiyədən olan öz qardaşlarımızla sıx əməkdaşlıq etməyi planlaşdırırıq. Artıq bu yöndə Rusiya və Gürcüstanın müvafiq təşkilatları ilə əməkdaşlıq edirik. Biz həmişə bir-birimizi dəstəkləyirik”.

TÜMQAZİDER-in sədri Şükrü Tandoğan isə deyib ki, nümayəndə heyətində təmsil olunanlardan iki nəfəri Koreya müharibəsində, digərləri isə Kiprdə döyüşlərdə iştirak edib: “Əgər bir torpağa bir damla qan düşərsə o andan həmin torpaq vətəndir. Vətən torpağı heç bir zaman taleyinə tərk edilməz, düşmənə buraxılmaz. Biz türk qaziləri olaraq Azərbaycanla bir yerdəyik, dünyanın harasında olursa olaq bir-birimizi müdafiə etməliyik”.

Ş. Tandoğanın sözlərinə görə, müharibə veteranları Azərbaycan dövlətinin təməlidir: “Bu zənginliyin altında qazi qardaşlarımızın itirilmiş qolu, ayağı var. Düşünürəm ki, Azərbaycanda da Türkiyədə və digər ölkələrdəki kimi Qazilər Gününün təsis edilməsinə ehtiyac var”.

Tədbirin sonunda TÜMQAZİDER ilə Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyi arasında əməkdaşlıq sazişi imzalanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR