AMEA sistemində çalışan alimlərə “dövlət qulluqçusu” statusunun verilməsi təklif edilib

AMEA sistemində çalışan alimlərə “dövlət qulluqçusu” statusunun verilməsi təklif edilib
# 07 noyabr 2012 12:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemində çalışan alimlərə “Dövlət qulluqçusu” statusunun verilməsi təklif edilir. APA-nın xəbərinə görə, bu təklifi AMEA Azad Həmkarlar ittifaqının VI qurultayında İttifaqın sədri Adil Mirabdullayev səsləndirib.

O deyib ki, ölkənin elmi potensialının böyük əksəriyyəti AMEA-da cəmləşib və onların xeyli hissəsini yaşlı nəslin nümayəndələri təşkil edir: “Ömrünü elmə həsr edən bu insanlara “Dövlət qulluqçusu” statusunun verilməsi zamanın tələbidir. Bu adamların tibbi müalicə və profilaktikaya böyük ehtiyacları var. Akademiya əməkdaşlarının əmək haqqının az olması səbəbindən onlar çox vaxt müalicə müəssisəsinə müraciət edə bilmirlər. Səhiyyə Nazirliyi qarşısında məsələ qaldırılmalı və AMEA əməkdaşlarının Akademiyaya yaxın poliklinikaların birində müalicə-diaqnostika ilə təmin olunmasına nail olunmalıdır”.

AMEA prezidenti Mahmud Kərimov isə APA-ya açıalqmasında bildirib ki, AMEA-ya çox vaxt Yazıçılar və ya Bəstəkarlar ittifaqları kimi yaradıcı təşkilat kimi baxırlar: “Biz icra hakimiyyəti orqanı olmadığımızdan dövlət qulluqçusu sayılmırıq. Ona görə də dövlət qulluqçularına verilən imtiyazlardan, güzəştlərdən məhrumuq. Dövlət qulluqçusu olmağın müsbət və mənfi tərəfləri var. Dövlət qulluqçusu hər halda məmurdur. Biz isə özümüzü məmur hesab etmirik. Biz sərbəst tədqiqatçılar, alimlərik. Bu baxımdan bizə bəlkə də bu status yaraşmır. Alimlərin sosial vəziyyətini yaxşılaşdırmağa isə çox ciddi ehtiyac var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR