Almaniya XİN müavini: Azərbaycan da iqlim dəyişikliyinin təsirinə məruz qalır

Almaniya XİN yanında Beynəlxalq İqlim Fəaliyyəti üzrə dövlət katibi və xüsusi nümayəndəsi Cennifer Morqan

© APA | Almaniya XİN yanında Beynəlxalq İqlim Fəaliyyəti üzrə dövlət katibi və xüsusi nümayəndəsi Cennifer Morqan

# 29 yanvar 2024 19:00 (UTC +04:00)

"COP konfransı elə bir zamana təsadüf edir ki, biz 2023-cü ilin qeydə alınmış ən isti il olduğunu öyrənmişik və biz dünyanın bütün nöqtələrində ölkələrin iqlim dəyişikliyinin təsiri ilə üzləşdiyinin şahidi oluruq".

APA xəbər verir ki, bunu Almaniya XİN yanında Beynəlxalq İqlim Fəaliyyəti üzrə dövlət katibi və xarici işlər nazirinin müavini Cennifer Morqan jurnalistlərlə görüşündə deyib.

Almaniyalı rəsmi bildirib ki, ölkələr həmçinin iqlim dəyişikliyinin iqtisadi nəticələrini, itkiləri də hiss edir. "Məsələn, Çin 2023-cü ilin ilk doqquz ayı ərzində 59 milyard dollar itirib. ÜST iqlim dəyişikliyinin sağlamlığa, səhiyyəyə birbaşa ciddi təsirləri ilə bağlı xəbərdarlıq edir. Azərbaycan da iqlim dəyişikliyinin nəticələrinə məruz qalır, insanlar iqlim dəyişikliyinin nəticələrini hiss edir, xüsusilə də su resursları sahəsində. Həmçinin bu regionda torpaq sürüşmələri, quraqlıq və ya həddindən artıq yağıntılar qeydə alınır, havanın temperaturunda artım hiss olunur. Biz indi elə bir situasiyadayıq ki, itirməyə əlavə vaxtımız yoxdur. Eyni zamanda, maraqlı məqam odur ki, Azərbaycan bir zamanlar ilk dəfə iri həcmdə neft istehsal edən ölkədən indi isə qalıq yanacaqdan uzaqlaşmaq üzərində işləyən bir ölkəyə çevrilir və bərpa olunan enerji istiqamətində sürətlə irəliləyir. Belə halda COP29-un keçirilməsi üçün Azərbaycan yaxşı ölkədir. Biz həmçinin Azərbaycan hökumətindən enerji keçidinə marağı görürük. Almaniya özü də bu istiqamətdə fəal işləyən ölkədir. Biz hazırda elektrik enerjisinin 50 faizini bərpaolunan enerjidən alırıq və addım-addım qalıq enerjidən uzaqlaşırıq" o qeyd edib.
Ölkələrin iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı milli gündəliyinin olması və uzunmüddətli strategiyanın hazırlanmasının vacib olduğunu vurğulayan Almaniya xarici işlər nazirinin müavini dünyanın bir çox ölkələrinin uzunmüddətli strategiya olaraq 2050-ci ilə qədər xalis-sıfır emissiya hədəfini qəbul etdiklərini xatırladıb. "COP-a sədrlik edən ölkələr də bu istiqamətdə öz ambisiyalarını gücləndirilər və iqlim dəyişikliyi ilə mübarizədə ciddilik nümayiş etdirirlər. Biz tövsiyə və ümid edirik ki, Azərbaycan da əsrin ortalarına qədər xalis-sıfır hədəfinə çatacaq".


Xanım Morqan bildirib ki, COP29 maliyyə ilə bağlı olacaq, bu, Bakıda keçiriləcək COP konfransının əsas mövzusu olacaq. "Biz iqtisadiyyatımızda keçidi həyata keçirmək, iqlim dəyişikliyinə adaptasiya olmaq üçün maliyyə sistemimizi də dəyişməliyik. Qalıq yanacağın maliyyələşdirilməsindən bərpa olunan enerji sahəsini maliyyələşdirməyə keçid etməliyik. Torpaqlardan dayanıqlı istifadə, sənayenin dekarbonizasiyası və s.üzərində işləməliyik. Yəni, bu il konfrans çərçivəsində maliyyə sektorunda dəyişikliklərlə bağlı geniş müzakirələr olacaq".


O vurğulayıb ki, meyarlar, hədəflər dəyişməlidir, yalnız inkişaf etmiş ölkələr, deyil, həmçinin digər potensialı olan ölkələr də prosesə öz töhfələrini verməlidir.

“İnkişaf etmiş ölkələr iqlim dəyişikliyi ilə mübarizə məsələsində liderlik etməyə sadiqliyini nümayiş etdirirlər, biz 100 milyard dollar hədəfinə nail ola bilmişik. İnkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi verilir. 2022-ci ildə Almaniyanın iqlim maliyyəsi 6,4 milyard avroya çatıb və beləliklə, 2025-ci il üçün nəzərdə tutulan altı milyardlıq hədəfi aşmışıq. Biz həmçinin "Yaşıl İqlim" fonduna və "Loss and Damage" fonduna (COP28-də yaradılıb -red.) dəstək veririk. Hesab edirəm ki, biz bu məsələni ciddiyə alırıq. İndi Paris Razılaşmasında olduğu kimi digər ölkələrin də eyni addımları atması vacibdir. Əgər bu sahədə qlobal oyunçu olmaq istəyirsinizsə məsuliyyət və öhdəliklərinizi almalısınız.
Cennifer Morqan qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etməkdə olan ölkələrə yardım davam edəcək ancaq bu prosesdə ianə edənlərin, prosesə töhfə verənlərin inklüzivliyi də vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR