Panamalı nazir Azərbaycanın COP29-un öhdəsindən uğurla gələcəyinə inanır

Panamalı nazir Azərbaycanın COP29-un öhdəsindən uğurla gələcəyinə inanır
# 01 mart 2024 12:18 (UTC +04:00)

1 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Panama Respublikasının xarici işlər naziri Janaina Tevaney ilə görüşüb.

XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Nazirlər Azərbaycan və Panamanın coğrafi baxımından bir-birindən uzaq regionlarda yerləşməsinə baxmayaraq, iki ölkə arasında arasında iqtisadi, nəqliyyat, investisiyalar, alternativ enerji, mədəniyyət, humanitar və s. sahələr üzrə əməkdaşlığın inkişafı üçün imkanların mövcudluğundan bəhs edib.

Bu istiqamətdə potensialın həyata keçirilməsi üçün iki ölkə arasında siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi qeyd olunub.

Beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Qarşı tərəf cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı məlumatlandırılıb.

Nazir Ceyhun Bayramov həmçinin postmünaqişə dövründə Azərbaycan tərəfindən bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesindən bəhs edib.

Nazir Janaina Tevaney COP29-a sədrliyi münasibətilə ölkəmizi təbrik edərək, Azərbaycanın bu məsuliyyətli tədbirin öhdəsindən uğurla gələcəyinə dair inamını ifadə edib. Panamanın ətraf mühitin qorunması, karbon emissiyasının sıfıra endirilməsi sahəsində geniş təcrübəyə malik olduğu və bu təcrübəni bölüşməyə hazır olduğu diqqətə çatdırılıb. Bu kimi təmasların iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinin müzakirəsi baxımından faydalı olduğu vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR