Yaponiya Azərbaycanın COP29-a ev sahibliyi etməsini alqışlayır

Yaponiya Azərbaycanın COP29-a ev sahibliyi etməsini alqışlayır
# 28 fevral 2024 14:15 (UTC +04:00)

Yaponiyanın xarici işlər üzrə dövlət naziri Tsuge Yoşifumi Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un Azərbaycan üzrə baş danışıqçısı Yalçın Rəfiyevi qəbul edib.

APA xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş fevralın 27-də baş tutub.

“Dövlət naziri Tsuge bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (UNFCCC) Tərəflər Konfransının (COP29) 29-cu sessiyasında sədrlik etməsi kimi Azərbaycanın mühüm rolunu alqışlayıb və onun rəhbərliyindən gözləntilərini ifadə edib. O, həmçinin Azərbaycanın fevralın 29-da başlayacaq “İqlim Dəyişikliyinə Qarşı Əlavə Fəaliyyətlər üzrə Qeyri-rəsmi Görüş”də iştirakını təqdir edib və bu görüşün COP29-un uğuru üçün əhəmiyyətli fikir mübadiləsini təmin edəcəyinə ümid etdiyini bildirib", - Yaponiya XİN-in yaydığı məlumatda bildirib.

Qeyd olunub ki, görüş zamanı Yalçın Rəfiyev Yaponiyanın iqlim dəyişikliyi sahəsində verdiyi müsbət töhfələri yüksək qiymətləndirib. Hər iki rəsmi Yaponiya və Azərbaycanın COP29-un uğuru üçün daim birgə işləyəcəyini təsdiqləyib.

Onlar, həmçinin ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıb: "Dövlət naziri Tsuge Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin, regional sabitliyin və inkişafın açarına malik olan Yaponiyanın mühüm tərəfdaşı olduğunu bildirib. Cənab Rəfiyev Yaponiya ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyini və iki ölkə arasında sıx əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib və tərəflər Yaponiya-Azərbaycan əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində birgə işləmək barədə razılığa gəliblər".

Qeyd edək ki, Yaponiya və Braziliya 2002-ci ildən bəri hər il Tokioda İqlim Dəyişikliyinə Qarşı Əlavə Fəaliyyətlərə dair Qeyri-rəsmi Görüşə (Yaponiya-Braziliya Dialoqu kimi tanınır) ev sahibliyi edir. Görüşün məqsədi baş danışıqçılar və digər rəsmi şəxslər arasında müzakirələr təşkil etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR