Orta Dəhlizin səmərəliliyinin artırılması üçün rəqəmsallaşma və koordinasiya vacibdir.
APA xəbər verir ki, bunu TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Jasurbek Choriev Azərbaycan–Avropa İttifaqı Biznes Forumunda keçirilən “Transxəzər Nəqliyyat Dəhlizi (Orta Dəhliz) boyunca Aİ–Azərbaycan biznes əlaqələri” adlı panel müzakirəsində deyib.
O bildirib ki, Orta Dəhlizin dayanıqlı fəaliyyətinin təmin edilməsi, səmərəliliyinin artırılması və daha çox yük axınının cəlb olunması üçün nəqliyyat proseslərinin əlaqələndirilməsi, məlumat mübadiləsinin təkmilləşdirilməsi və iştirakçı tərəflər arasında etimadın gücləndirilməsi vacibdir.
Baş katib qeyd edib ki, multimodal nəqliyyat daşımaları müxtəlif nəqliyyat növləri arasında koordinasiya və uzlaşdırma tələb edir. Bu prosesdə məlumatların vaxtında ötürülməsi, qəbul edilməsi və onlara etimad göstərilməsi böyük əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, konteynerlərin sərhədlərdə ləngiməsi, gəmilərə vaxtında yüklənməməsi və yük haqqında məlumatların çatışmazlığı Orta Dəhlizin imkanlarından səmərəli istifadəyə mane olur.
Jasurbek Choriev vurğulayıb ki, daşıyıcılar, yükgöndərənlər, liman operatorları ilə yanaşı, dövlət qurumları, gömrük və sərhəd mühafizə orqanları, eləcə də fitosanitar xidmətlər də bu prosesdə üzərlərinə düşən vəzifələri diqqətlə yerinə yetirməlidirlər.
O bildirib ki, tranzit daşımalarında yaranan gecikmələr və digər çətinliklər yük axınının alternativ marşrutlara yönəlməsinə səbəb ola bilər.
Baş katib əlavə edib ki, Orta Dəhlizin təhlükəsizliyi mühüm üstünlük olsa da, daşımaların proqnozlaşdırıla bilməsi ilə bağlı çətinliklər qalmaqdadır. Onun sözlərinə görə, yükgöndərənlər üçün təkcə daşınma qiyməti deyil, yükün təyinat məntəqəsinə hansı müddətdə çatdırılacağının əvvəlcədən dəqiq bilinməsi də vacibdir.
Jasurbek Choriev TRACECA çərçivəsində bu istiqamətdə görülən işlərdən də danışıb. O qeyd edib ki, altı ölkə arasında vahid tranzit icazəsi haqqında saziş qəbul edilib. Bu mexanizm iştirakçı ölkələrdə vahid icazədən istifadə etməyə, multimodal daşımaları həyata keçirməyə və hər bir ölkə üçün ayrıca əlavə icazələrin alınması zərurətini aradan qaldırmağa imkan verir.