Azərbaycanın Rumıniyanın Konstansa şəhərindəki Fəxri Konsulluğu rəsmi fəaliyyətə başlayıb

Azərbaycanın Rumıniyanın Konstansa şəhərindəki Fəxri Konsulluğu rəsmi fəaliyyətə başlayıb
# 23 aprel 2013 19:51 (UTC +04:00)

Bakı-APA. Aprelin 22-də Azərbaycan Respublikasının Rumıniyanın Konstansa şəhərindəki Fəxri Konsulluğunun inzibati ofisinin rəsmi açılış mərasimi keçirilib. Azərbaycanın Rumıniyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, tədbirdə Rumıniya parlamentinin deputat, senatorları, dövlət və hökumət nümayəndələri, Konstansa şəhərində yerləşən universitetlərin rektorları, ictimai təşkilat və fondların üzvləri, tanınmış ədəbiyyat, tarixçi, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri, xarici ölkələrin Konstansa şəhərindəki baş və fəxri konsulları, diplomatları, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və idarə heyətinin üzvləri, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatasının üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, İran azərbaycanlıları, türk-tatar icmalarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Eldar Həsənov ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə sürətlə inkişaf edərək, tarixi dostluq və əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəldiyini qeyd edib. O, siyasi, iqtisadi, humanitar əlaqələrdə olduğu kimi xalqlarımızın mədəni sahədə də əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Eldar Həsənov həmçinin Azərbaycanın Rumıniyanın Konstansa şəhərindəki fəxri konsulu Qabriel Valentin Komaneskunun Azərbaycan-Rumıniya münasibətlərinin bütün sahələrdə daha da genişləndirilməsi istiqamətindəki xidmətlərini vurğulayaraq, Fəxri Konsulluğun fəaliyyətə başlamasının iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinə yeni təkan verəcəyini bildirib.

Daha sonra səfir Rumıniyada 12 illik fəaliyyətinin başa çatdığını, fəaliyyəti dövründə səfirliyin Konstansada yaşayan türk-tatar birliyi, habelə bu şəhərdəki dövlət və ictimai təşkilatlarla səmərəli əməkdaşlıq etdiyini, bu əlaqələrin inkişafının davamlı olacağına əminliyini bildirib.

Tədbirdə çıxış edən Rumıniya prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fota, Rumıniya parlamentində Rumıniya-Azərbaycan dostluq qrupunun sədr müavini, deputat Kristian Rizea, Rumıniya hökumətinin Konstansa şəhəri üzrə nümayəndəsi (prefekt) Eugen Bola, Rumıniya müsəlmanlarının dini lideri (müfti) Yusuf Murat Azərbaycanın Rumıniya üçün strateji əhəmiyyətini vurğulayaraq, Azərbaycan Respublikasının Rumıniyanın Konstansa şəhərində Fəxri Konsulluq institutunun təsis edilməsini əlamətdar hadisə kimi qiymətləndirib və Fəxri Konsulluğun ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verəcəyindən əminlik bildirib.

Azərbaycanın Rumıniyanın Konstansa şəhərindəki Fəxri Konsulu Q.Valentin Komanesku Azərbaycan prezidenti İlham Əliyevin bu qərarından məmnunluq hissi keçirdiyini, onu minnətdarlıqla qarşıladığını, iki ölkə arasında hər bir sahədə geniş əməkdaşlığın mövcud olduğunu, Azərbaycanın son zamanlar regionda habelə Avropada nüfuzunun artdığını, Avro-Atlantik institutlara fəal inteqrasiya etdiyini, ölkə daxilində və beynəlxalq müstəvidə bir çox uğurlara imza atdığını bildirib. O, öz gələcək fəaliyyətində Azərbaycanı fəal təmsil edəcəyini, qarşılıqlı maraqlara əsaslanan əlaqələrin inkişafı, Azərbaycan diasporunun möhkəmlənməsi və onun maraqlarının təmin olunması istiqamətində fəal səy göstərəcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR