AŞ və Aİ-nin birgə layihəsi çərçivəsində hazırlanmış nəşrlərin təqdimatı keçirilib

AŞ və Aİ-nin birgə layihəsi çərçivəsində hazırlanmış nəşrlərin təqdimatı keçirilib
# 24 iyun 2016 11:06 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ədliyyə Akademiyasında “Azərbaycanda Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” mövzusunda, Avropa Şurası və Avropa İttifaqının birgə layihəsi çərçivəsində hazırlanmış nəşrlərin təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Avropa Şurası Bakı ofisinin rəhbəri Draqa Filipoviç, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəsmisi Yerun Uilyams, Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən Elçin Xələfov, Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ədliyyə Akademiyasının rəsmiləri, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

D. Filipoviç bildirib ki, bu layihənin həyata keçirilməsi Avropa İttifaqının dəstəyi olmadan mümkün ola bilməzdi: “Fürsətdən istifadə edərək Avropa İttifaqının Bakıdakı nümayəndəliyinə təşəkkürümü çatdırmaq istəyirəm. Bundan əlavə, layihənin nəticələrini daha da effektivləşdirmək məqsədilə Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsi tərəfindən hazırlanmış bir neçə bələdçi kitablar Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub. Əlavə olaraq, Avropa İnsan Haqları Konvensiyası ilə bağlı 20 kitabın müxtəlif nüsxələri alınıb və Ədliyyə Akademiyasının kitabxanasına verilib”.

D. Filipoviçin sözlərinə görə, bu kitablar Ədliyyə Akademiyası tərəfindən insan hüquqları sahəsində həyata keçirilən tədris prosesinə və layihənin davamlı olmasına öz töhfəsini verəcək: “Avropa Şurası olaraq Ədliyyə Nazirliyi və Ədliyyə Akademiyası ilə bu məhsuldar əməkdaşlığın genişləndirilməsində maraqlıyıq. İnanırıq ki, bununla da biz Azərbaycanda həyata keçirilən ədalət mühakiməsi islahatlarına töhfə verəcəyik. Ədliyyə Akademiyası da əlbəttə, burada vacib rol oynayır. Avropa Şurası inanır ki, bu layihənin nəticələri ölkənin sosial-iqtisadi inkişafına, vətəndaş cəmiyyətinin Avropa Şurası tərəfindən tanınan standartlara uyğunlaşdırılmasına şərait yaradacaq”.

Tədbirdə Jan Pol Jan və Ramin Qurbanovun müəllifliyi ilə nəşr edilən “Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası: Elmi və təcrübi əhəmiyyəti” adlı kitabın təqdimatı da keçirilib.

Qeyd edək ki, layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir, Avropa Şurası tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR