Azərbaycanda Avronest Parlament Assambleyasının komitə iclası keçiriləcək

Azərbaycanda Avronest Parlament Assambleyasının komitə iclası keçiriləcək
# 08 fevral 2013 08:14 (UTC +04:00)

APA-nın bildirdiyinə görə, bu barədə Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov məlumat verib.

Onun sözlərinə görə, Avronest PA Enerji təhlükəsizliyi komitəsinin iclası 11-13 fevralda Bakıda, Siyasi məsələlər komitəsinin iclası 12-13 fevralda Tiflisdə (Gürcüstan), İqtisadi inteqrasiya komitəsinin iclası isə 14-15 fevralda Kişinyovda (Moldova) keçiriləcək.

Azərbaycanı Siyasi məsələlər komitəsinin iclasında millət vəkilləri Qənirə Paşayeva, Asim Mollazadə və Ceyhun Osmanlı, İqtisadi inteqrasiya komitəsinin iclasında millət vəkilləri Əli Hüseynli, Azər Kərimli və Hacı Salayev, Enerji təhlükəsizliyi komitəsinin iclasında isə Gülçöhrə Məmmədova, həmin komitənin həmsədri Fuad Muradov və Rasim Musabəyov təmsil edəcəklər.

E.Süleymanovun sözlərinə görə, bu ilin may ayında Brüsseldə Avronest PA-nın 3-cü növbəti plenar sessiyası planlaşdırılır. Komitə iclaslarında 3-cü plenar sessiya zamanı müzakirəyə çıxarılacaq məruzə layihələrinin ilkin təqdimatı keçiriləcək. Siyasi Məsələlər Komitəsinin iclasında Avropa Parlamentinin üzvü, Avropa Mühafizəkarlar və İslahatçılar qrupunun üzvü Riszard Çarneki və Ukrayna Parlamentinin üzvü Boris Tarasyuk tərəfindən hazırlanmış "Şərqi Avropa Tərəfdaş ölkələrində regional təhlükəsizlik çağırışları" məruzəsi müzakirəyə çıxarılacaq. İqtisadi İnteqrasiya Komitəsinin iclasında isə həmməruzəçilər - Avropa Parlamentinin deputatı, Sosialistlərin və Demokratların Mütərəqqi Birliyinin üzvü Yevgeni Kirilov və Moldova Parlamentinin üzvü Veaçeslav Yonita – "Şərq Tərəfdaşlığı ölkələrinin milli qanunvericiliyinin Avropa İttifaqının iqtisadi sahədə olan qanunvericilik ilə uzlaşdırılması” mövzusunda məruzəni təqdim edəcəklər.

Enerji təhlükəsizliyi komitəsinin Bakıda keçiriləcək iclasında "Enerji bazarı ilə bağlı enerji təhlükəsizliyi və Şərqi Avropa Tərəfdaşı dövlətləri ilə Avropa İttifaqı dövlətləri arasında uyğunlaşdırma” məruzəsi müzakirəyə çıxarılacaq. E.Süleymanovun sözlərinə görə, bu məruzə Avropa Parlamentinin Niderlanddan olan deputatı, Avropa Vahid Sosialistlər qrupunun üzvü Gerben-Jan Gerbrand və Gürcüstan Parlamentinin üzvü David Onoprişvili tərəfindən hazırlanıb. Komitənin iclasında Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin, ARDNŞ-ın vitse-prezidenti Elşad Nəsirovun və Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun çıxışları nəzərdə tutulur. Millət vəkili həmçinin qeyd edib ki, Enerji təhlükəsizliyi komitəsinin iclasına qatılacaq deputatların prezident İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən qəbul ediləcəyi gözlənilir.

E.Süleymanov qeyd edib Ki, komitə iclaslarında həmməruzəçilər Komitə üzvlərinə məruzə layihələrinə əlavə və düzəlişlərlə bağlı təklifləri üçün son tarix təklif edəcəklər. Avronest PA-nın Avropa Parlamenti komponenti tərəfindən əlavə və düzəlişlər üçün son tarix kimi 20 mart 2013-cü il təklif edildiyini diqqətə çatdıran millət vəkili komitə iclaslarında müəyyən edilmiş tarixə qədər təklif edilən əlavə və düzəlişlər də nəzərə alınmaqla məruzə layihələrinin son variantının hazırlanacağını vurğulayıb. Prosedur qaydalarına görə, məruzə layihələrinin son variantı komitələrin Avronest PA-nın plenar sessiyası çərçivəsində Brüsseldə keçiriləcək iclaslarında yenidən müzakirə edilərək, təsdiqlənmək üçün səsverməyə çıxarılacaq. Bundan sonra mayın 28 və 29-da Avronest PA-nın plenar iclasında Komitə tərəfindən təklif olunan yekun məruzə qəbul olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR