Bank Of Baku

Azərbaycan prezidentinin sədrliyi ilə keçirilən iclasda maliyyə, mədəniyyət və turizm nazirləri və DGK-nin sədri çıxış ediblər

Azərbaycan prezidentinin sədrliyi ilə keçirilən iclasda maliyyə, mədəniyyət və turizm nazirləri və DGK-nin sədri çıxış ediblər
# 12 iyul 2012 01:43 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda maliyyə, mədəniyyət və turizm nazirləri və Dövlət Gömrük Komitəsinin sədri çıxış ediblər.
APA-nın verdiyi xəbərə görə, maliyyə naziri Samir Şərifov bildirib ki, son altı ayda makroiqtisadi dayanıqlığın qorunması və iqtisadiyyatın neft sektorundan asılılığını azaltmaq istiqamətində mühüm işlərin görülüb. Dövlət büdcəsinin artım dinamikasının bu ilin altı ayında xüsusilə nəzərəçarpan olduğunu vurğulayan nazir bildirib:
-Bu müddət ərzində dövlət büdcəsinin mədaxili 8 milyard 134 milyon manat və ya 106,2 faiz yerinə yetirilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 45,0 faiz çox olmub.
Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 116,0 faiz əməl edilib, yəni büdcəyə 2 milyard 968 milyon manat, ötən ilin eyni dövrünə nisbətən isə 405,0 milyon manat və ya 15,8 faiz çox vəsait təmin olunub.
Həmin vəsaitin 55,0 faizi və ya 1 milyard 633 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 222 milyon manat və yaxud 15,8 faiz çoxdur.
Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,4 faiz əməl olunmaqla büdcəyə 557,0 milyon manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çoxdur.
Dövlət Neft Fondundan büdcəyə 4 milyard 592 milyon manat vəsait transfer edilib.
Sair daxilolmalar üzrə büdcəyə 17,0 milyon manat vəsait təmin edilib.
Cari ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 91,4 faiz və ya 7 milyard 110 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2 milyard 227 milyon manat və ya 45,6 faiz çox icra olunub.
İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayı ərzində dövlət büdcəsinə daxil olan vəsaitin 32,3 faizi və ya 2 milyard 300 milyon manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə 2011-ci ilin eyni dövrü ilə müqayisədə 370,0 milyon manat və ya 19,2 faiz çox olub.
Bu dövrdə investisiya xərclərindən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 514,0 milyon manat vəsait istifadə olunub.
Ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturların tikintisi və yenidənqurulması üçün 1 milyard 476,0 milyon manat, o cümlədən yol-nəqliyyat infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 405,0 milyon manat, “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası üçün 118,0 milyon manat, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulmuş tədbirlərə 150,0 milyon manat, su təchizatı və kanalizasiya sisteminin bərpası və yenidənqurulması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 154,0 milyon manat, torpaqların su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması tədbirləri üçün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Acıq Səhmdar Cəmiyyətinə 156,0 milyon manat vəsait yönəldilmişdir.
Altı ayda dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 118,0 milyon manat, o cümlədən Arpaçay və Ordubad su elektrik stansiyalarının tikintisinə üst-üstə 29,0 milyon manat, Naxçıvan şəhərinin və yeddi rayonun su təchizatı və kanalizasiya sisteminin tikintisinə 44,0 milyon manat, Naxçıvan-Culfa avtomobil yolunun yenidənqurulmasına 13,0 milyon manat vəsait sərf edilib.
Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 348,0 milyon manat məbləğində vəsait istifadə edilib.
Son altı ayda Prezidentin Ehtiyat Fondundan müxtəlif şəhər və rayonlarda bir sıra sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə 133 milyon manat vəsaitinin ayrıldığını, son iki ildə kəndlərarası yolların təmirinə 215 milyon manat vəsaitin xərcləndiyini bildirən maliyyə naziri deyib:
-Hesabat dövründə dövlət büdcəsinin ehtiyat fondundan əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə 400,0 milyon manat, o cümlədən “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı tarixi Fərmanın icrası olaraq 300,0 milyon manat vəsait ayrılıb.

Son illərdə Azərbaycanda milli mədəniyyətin və turizmin inkişafı sahəsində mühüm nailiyyətlərin əldə edildiyini bildirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib:
-May ayında Bakıda keçirilən “Eurovision–2012” mahnı yarışması təkcə xalqımızın zəngin mədəniyyətinin, yurdumuzun gözəl təbiətinin, turizm potensialının təbliği üçün geniş imkanlar açmaq baxımından deyil, həmçinin qısa müddət ərzində əldə etdiyi yüksək inkişaf səviyyəsini, demək olar ki, bütün dünyaya nümayiş etdirmək baxımından böyük əhəmiyyətə malik olub.
Ötən ayın sonunda Şəkidə keçirilən “İpək yolu” Beynəlxalq Musiqi Festivalı, yaxın günlərdə Qəbələ şəhərində keçiriləcək Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyli, Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi festivalları nəinki Bakıya, həm də Azərbaycanın regionlarına dünyanın ən nüfuzlu musiqi ustaları və həvəskarlarının böyük axınına səbəb olub. Qarşıdakı aylarda da ölkənin mədəni həyatında nüfuzlu, dünya miqyaslı professional incəsənət layihələri üstünlük təşkil edəcək.
Qısa zaman aralığında dörd ölkədə Azərbaycan mədəniyyəti günləri keçirilib. Bunların hər biri – İtaliya, Ukrayna, Qazaxıstan və Türkiyə dövlətimizin xarici siyasətində mühüm yer tutan ölkələrdir. Burada təqdim edilən milli rəqslər, klassik və xalq musiqisi, sərgilər, keçirilmiş elmi konfrans və simpoziumlar ölkəmizin zəngin mənəvi-mədəni palitrasını yaratmışdır desəm, səhv etmərəm. Yeri gəlmişkən qeyd edim ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə İtaliyada keçirilən Mədəniyyət Günləri rəmzi bir sonluqla – Roma şəhərinin “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılması ilə başa çatıb.
Nazir bildirib ki, doqquz dünya şöhrətli ədəbiyyat xadiminin, böyük söz ustadlarının yubiley tədbirlərinə start verilib. Bunlar Nizami Gəncəvinin 870, Mirzə Ələkbər Sabirin 150, Mirzə Fətəli Axundzadənin 200, Xurşidbanu Natəvanın 180, Əhməd Cavadın 120, Hüseyn Cavidin 130, Məmməd Səid Ordubadinin 140, Mirvarid Dilbazinin 100, Xəlil Rza Ulutürkün 80 illik yubileyləridir. Artıq üç yubiley, əsasən beynəlxalq miqyasda, təntənəli surətdə qeyd edilib. Onu da vurğulamaq istərdim ki, TÜRKSOY təşkilatı 2012-ci ili bütün türk dünyasında “Axundzadə ili” elan edib. Eyni zamanda bu ayın əvvəlində Azərbaycan və dünya memarlığının nadir incisi hesab olunan Şəki Xan Sarayının 250 illik yubileyi Şəkidə beynəlxalq səviyyədə qeyd olunub.
Hesabat dövründə respublikanın muzey və digər mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunub saxlanılması istiqamətində müəyyən işlər görülmüş, xalq yaradıcılığının inkişafı və təbliği ilə bağlı müvafiq tədbirlər həyata keçirilib.
2012-ci ilin birinci yarısında ölkəmizin mədəni həyatında ən əlamətdar hadisələrdən biri də Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində təşkil edilən “Fransanın inciləri” sərgisi olub. Eyni zamanda, ölkəmizin tarixi və mədəniyyətinin Roma şəhərində layiqincə təqdim edilməsi üçün Roma Sivilizasiyası Muzeyində ayrılmış min kvadratmetrdən çox sahədə “Azərbaycan – Odlar Yurdu İpək Yolunda” adlı sərgi təşkil edilib. Sərgi üç ay müddətinə nəzərdə tutulsa da, çoxsaylı tamaşaçıların və Roma şəhər meriyasının arzusu nəzərə alınaraq daha iki ay uzadılıb.
İstanbulun Topqapı şəhər parkında yerləşən Azərbaycan Mədəniyyət evinin əsaslı təmiri və yeni ekspozisiyasının qurulması işləri həyata keçirilib.
Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, təbliği və təşviqi məqsədi ilə “2010–2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramı ilə əlaqədar 2012-ci ildə Gədəbəy şəhəri “Azərbaycanın Əfsanələr Paytaxtı”, Masallı şəhəri “Azərbaycanın Folklor Paytaxtı” və Quba şəhəri “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan edilib.
Cari ilin aprel ayında “Təzyiq altında irs – şəhərlərin tarixi landşaftlarının perspektivləri” adlı Beynəlxalq Bakı Konfransı keçirilib. Tədbirdə bütün qitələri əhatə edən nüfuzlu alimlər və ekspertlər iştirak edib.
Qobustan Milli Tarix-Bədii Qoruğunda yeni muzey tikilib istifadəyə verilmiş, nəticədə ziyarətçi axını xeyli güclənmiş, onların sayı ötən illə müqayisədə iki dəfə artmışdır.
Azərbaycan kinosunun inkişafı ilə bağlı Dövlət Proqramında nəzərdə tutulan işlərin uğurla davam etdiyini bildirən Əbülfəs Qarayev deyib ki, ötən il dövlət sifarişi ilə 4 bədii, 8 qısametrajlı bədii, 4 cizgi və 32 sənədli film çəkilmişdir, satirik jurnalın 2 nömrəsi işıq üzü görüb. Hazırda 10 bədii, 16 sənədli və 3 cizgi filminin istehsalı ilə bağlı işlər gedir. “Yaddaş” studiyasında milli qəhrəmanlar ilə bağlı 10 sənədli filmin çəkildiyini deyən mədəniyyət və turizm naziri Azərbaycan filmlərinin beynəlxalq müsabiqələrdə uğurla iştirak etdiyini vurğuladı, Kinematoqrafçılar İttifaqının yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini dedi.
Əbülfəs Qarayev 2011-ci ilin “Turizm ili” elan edilməsini bu sahənin inkişafına təkan verdiyini bildirərək deyib:
-Azərbaycana gələn xarici vətəndaşların və turistlərin sayı çoxalıb. Ötən il Azərbaycan ilk dəfə iki milyondan çox, yəni, 2 milyon 239 min nəfər əcnəbi qəbul edib. Bu, 2010-cu ilə nisbətən 14 faiz çoxdur. Ölkədə 508 mehmanxana fəaliyyət göstərir, orada yerləşdirilmiş şəxslərin sayı 2010-cu illə müqayisədə 16,3 faiz artıb, onların da 50 faizdən çoxu xarici ölkə vətəndaşlarıdır. Onu da qeyd etmək istərdim ki, 5 il öncə ölkəmizdə fəaliyyət göstərən mehmanxanaların sayı 300-dən az idi. Təkcə ötən il Azərbaycanda 30 mehmanxana və mehmanxana tipli obyekt istifadəyə verilib. Hazırda ölkə ərazisində 45 mehmanxana inşa edilir, 178 turizm şirkəti fəaliyyət göstərir.
Bu ilin 6 ay ərzində Qusar rayonunda “Şahdağ” Qış-Yay Turizm Kompleksinin tikintisi davam etdirilib. Birinci mərhələdə nəzərdə tutulan işlər artıq tamamlanmaq üzrədir. Hazırda İsveçrə və Avstriya şirkətləri tərəfindən növbəti mərhələlər üzrə layihələndirmə işləri və marketinq araşdırmaları aparılır, Nəqliyyat Nazirliyi yolların tikinti-təmiri, “Azərenerji” elektrik xətlərinin çəkilməsi işlərini davam etdirir. İşlərin gedişatı göstərir ki, artıq bu ilin sonunda kompleks turist qəbuluna başlaya biləcəkdir.
Hazırda 2013-cü ildə Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı hazırlıq işləri görülür.

Sonra Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxış edərək deyib: “Ölkənin fiskal siyasətinin həyata keçirilməsində önəmli rola malik olan Dövlət Gömrük Komitəsi üçün hər il olduğu kimi “2012-ci il Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 1 milyard 200 milyon manat həcmində büdcə daxilolmaları proqnozlaşdırılıb. Hesabat ilinin ilk 6 ayında 555.0 milyon manat büdcə proqnozuna qarşı faktiki olaraq 557.2 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunmuş, proqnoza 100.4 faiz əməl edilib.
Gömrük ödənişlərinin bank və ya plastik kart vasitəsilə alınması təşkil olunmuş, bütün gömrük idarələrində pos-terminallar quraşdırılmış və ya müvafiq bankların filialları açılıb.
Hazırda gömrük ödənişlərinin 97 faizinin nağdsız qaydada alınması təşkil edilib. Şəffaflığın artırılması və nəzarətin təkmilləşdirilməsi istiqamətində gömrük orqanlarında daim müvafiq tədbirlər həyata keçirilir.
2012-ci ilin birinci yarısında gömrük orqanlarında qaçaqmalçılığa qarşı mübarizə daha da gücləndirilmiş, vergidən yayınmanın və hüquqpozma faktlarının aşkar edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlər görülüb. Belə ki, cari ilin ilk 6 ayı ərzində gömrük orqanları tərəfindən gömrük işi sahəsindəki hüquqpozmalara qarşı mübarizə istiqamətində görülən tədbirlər nəticəsində 8237 hüquqpozma faktı aşkar olunub.
Gömrük orqanları tərəfindən görülən tədbirlər nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı ilə əlaqədar 37 fakt aşkar olunmuş və 5,8 kq narkotik vasitə, 6,2 kq psixotrop maddə dövriyyədən götürülmüşdür.
Hesabat dövründə 8119 inzibati xəta faktı üzrə 180 hüquqi şəxs və 7912 nəfər fiziki şəxs inzibati qaydada müvafiq məsuliyyətə cəlb edilmişdir. Bu şəxslərə qarşı gömrük orqanları tərəfindən 563 min manat cərimə tətbiq edilmiş, 100 min manat dəyərində hüquqpozma predmeti olan mallar müsadirə edilib.
Eyni zamanda 3 ədəd ov silahı və 200 ədəd ona aid sursat, 79 ədəd pnevmatik silah, 3 ədəd odlu silah və 19 ədəd patron, 8 ədəd soyuq silah, 5 ton dizel yanacağı, 780 ədəd mobil telefon və külli miqdarda digər əşyalar hüquqpozma predmeti kimi saxlanılıb.
Aksizli malların qeyri-qanuni keçirilməsinə qarşı aparılmış qabaqlayıcı tədbirlər nəticəsində 767 litr və 25937 ədəd spirtli içki, 76,3 min manat dəyərində tütün məmulatları tutulub.
Hesabat dövründə qanunvericiliyin təkmilləşdirilməsi və struktur dəyişikliyi ilə əlaqədar mühüm tədbirlər həyata keçirilib, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində də məqsədyönlü iş aparılıb, bir sıra xarici ölkələrlə gömrük işi sahəsində beynəlxalq normalara uyğun saziş, protokol və digər sənədlər imzalanıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR