Bank Of Baku

Prezident İlham Əliyev: “İnkişaf, sosial siyasətin aparılması, iqtisadi islahatların davam etdirilməsi və öz hesabımıza yaşamağımız bu gün Azərbaycan reallıqlarıdır”

Prezident İlham Əliyev: “İnkişaf, sosial siyasətin aparılması, iqtisadi islahatların davam etdirilməsi və öz hesabımıza yaşamağımız bu gün Azərbaycan reallıqlarıdır”
# 16 iyul 2012 20:51 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bu fikirləri Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində etdiyi çıxışı zamanı deyib.

“Bildiyiniz kimi, bölgələrdə ümumiyyətlə su qıtlığı daim hökm sürürdü, kanalizasiya layihələri ümumiyyətlə yox idi. Ancaq görülmüş tədbirlər nəticəsində və qəbul edilmiş proqramlar çərçivəsində bu layihələrin icrası nəzərdə tutulur”.

Dövlət başçısı Şirvan-Muğan su kəmərinin də bu böyük proqramın tərkib hissəsi olduğunu vurğulayıb: “Bu gün təməl daşını qoyduğumuz layihə əminəm ki, gələn ilin sonuna qədər başa çatacaq və beləliklə, altı rayonun su problemi demək olar ki, həll olunacaq. Bu layihə Hacıqabul, Şirvan, Biləsuvar, Neftçala, Salyan və Sabirabad rayonlarının 121 kəndini və beş şəhərini əhatə edəcəkdir. Beləliklə, bu layihənin və digər bölgələrdə su layihələrinin icra edilməsi nəticəsində uzun illər problem olaraq qalan su məsələsi öz həllini tapacaq”.

Prezident bu layihələrin icrası ilə Azərbaycanın yeni mərhələyə qədəm qoyacağını bildirib: “Ölkəmizdə gedən geniş quruculuq, abadlıq işləri bütün sahələri əhatə edir. Bu işlərin içərisində infrastruktur layihələri birinci yerdədir və son illərdə bu istiqamətdə böyük işlər görülüb. Demək olar ki, bizim indi enerji potensialımız xeyli dərəcədə artmışdır və biz nəinki özümüzü təmin edirik, eyni zamanda, elektrik enerjisini ixrac edirik. Bizdə yaranan enerji gücləri imkan verir ki, öz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edək və gələcəkdə daha böyük həcmdə enerji ixrac edək. Hazırda Şirvan şəhərində tikilməkdə olan “Cənub” elektrik stansiyasının bu il işə düşməsindən sonra enerji potensialımızın artırılmasına yeni təkan veriləcəkdir. Biz indi yeni elektrik xətlərinin çəkilişi ilə gələcəkdə elektrik enerjisini ixrac etmək üçün yeni imkanlara malik olacağıq.

Ölkəmizdə qazlaşdırma layihələri icra edilir. Vəzifə qoyulub ki, gələn ilin sonuna qədər Azərbaycanda qazlaşdırma 95 faizə çatsın. Ucqar dağ kəndləri istisna olmaqla bütün qalan kəndlərə təbii qazın verilməsi nəzərdə tutulur. Bu altı rayonda 100 faiz qazlaşdırma gələn ilin sonuna qədər başa çatmalıdır. Kənd yollarının tikintisi ilə bağlı ciddi tədbirlər görülür. Prezidentin Ehtiyat Fondundan ən çox ayrılan vəsait məhz kənd yollarının tikintisinə yönəldilir. Bu da təbiidir. Çünki kəndlərdə yollar, onların vəziyyəti bizi qane edə bilməz və biz yeni müasir asfalt yolların tikilməsi ilə bu böyük problemi də həll etmiş oluruq. Yenə də bu məsələnin həlli üçün konkret tapşırıqlar verilib, müddət müəyyən edilib və əminəm ki, gələn ilin sonuna qədər əksər kəndlərdə yeni yollar çəkiləcək və bu proses bundan sonra da davam edəcək. Elə etməliyik ki, Azərbaycanda bütün kəndlərdə yaxşı yollar olsun. Yəni, bu böyük layihələr əslində Azərbaycanda mövcud olan infrastrukturun yeniləşdirilməsi məqsədini daşıyır. Bunların içində su və kanalizasiya problemləri xüsusi əhəmiyyət kəsb edir. Çünki su həyat, inkişaf deməkdir, kənd təsərrüfatının inkişafı, insanların sağlamlığı deməkdir.

Həm Bakıda, həm bölgələrdə müasir standartlara cavab verən yeni su xətləri insanların sağlamlığına da böyük dəstək olacaq. Azərbaycan əhalisinə verilən və veriləcək su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olmalıdır.

Bakını içməli su ilə təmin etmək üçün Oğuz-Qəbələ-Bakı su kəməri artıq istismara verilib və bu kəmərin fəaliyyəti nəticəsində su ilə təchizat xeyli dərəcədə yaxşılaşdırılıb. Bakı qəsəbələrində bu layihə icra edilir və bəzi qəsəbələrdə artıq 24 saat fasiləsiz su verilir. Eyni yanaşma bölgələrdə də tətbiq edilir. Mən istəyirəm ki, hər bir yerdə, hər bir şəhərdə, hər bir kənddə 24 saat fasiləsiz su verilsin. Bu gün başladığımız layihə bu bölgənin su ilə təminatını xeyli dərəcədə yaxşılaşdıracaqdır. Bu yeni imkanlardan istifadə edəcək insanların sayı 470 mindir. Nəzərə alsaq ki, Kür-Araz boyu yerləşən çaylarda modul tipli təmizləyici qurğular quraşdırılır və artıq 200-dən çox kənddə bu qurğular quraşdırılıbdır, 400 mindən artıq əhali artıq təmiz, içməli su ilə təmin edilir, bu layihələrin nə qədər böyük əhəmiyyəti olduğunu görmək mümkündür.

Mən şübhə etmirəm ki, qarşımıza qoyduğumuz bütün vəzifələr vaxtında və keyfiyyətlə icra ediləcəkdir. Bunu demək üçün əsas vardır. Çünki ölkəmiz yeniləşir, müasirləşir. Ölkəmizdə dövlət xətti ilə həyata keçirilən bütün layihələr ekspertizadan keçirilir. Onların müasir standartlara cavab verməsi üçün lazımi tədbirlər görülür”.

Prezident ölkənin valyuta ehtiyatlarının artdığını, maddi və texniki imkanlarının genişləndiyini də bəyan edib: “Bu da çox vacibdir. Mən çox şadam ki, Azərbaycanda infrastruktur layihələrində iştirak edən şirkətlərin mütləq əksəriyyəti yerli şirkətlərdir. Hələ bir neçə il bundan əvvəl biz daha çox xarici şirkətlərə müraciət edirdik. Onların dəstəyinə ehtiyac var idi. Ancaq yeni kadrların hazırlanması, bu sahədə dövlət siyasətinin aparılması nəticəsində yeni şirkətlər, yəni Azərbaycan şirkətləri artıq bu işləri görür. Bunun çox böyük mənası var. Çünki birincisi, iş yerləri yaradılır, ikincisi, yerli şirkətlər böyüyür, daha çox vəsait əldə edir, vergilər ödəyir. Dövlət xətti ilə icra edilən layihələrə Azərbaycan şirkətlərinin cəlb edilməsi bu prosesi daha da stimullaşdırır. Dövlət tərəfindən özəl sektora göstərilən dəstək, eyni zamanda, maddi dəstək, yerli şirkətlərin Azərbaycanda icra edilən layihələrə cəlb edilməsi prosesi bütün bu yeni reallıqları təmin edir. Yəni, bizim texniki imkanlarımız, peşəkar kadrlarımız var. Dövlət şirkətlərində yeni, müasir standartlara keçid mərhələsi də çox uğurla gedir. Çünki bu da çox vacibdir. Bizim şirkətlərimiz, xüsusilə dövlət şirkətlərimiz dünya standartlarına cavab verməlidir. Hazırda biz bunu görürük və əminəm ki, bu layihənin icrası da uğurlu olacaq və uzun illər bundan sonra bu altı rayon və digər rayonlar davamlı, dayanıqlı içməli su ilə təmin ediləcəklər. Onu da qeyd etməliyəm ki, bu layihə ehtiyatla icra edilir. Çünki əhalinin artımı nəzərə alınmaqla suyun verilmə həcmi 2035-ci ilə hesablanıb. Yeni xətlərin çəkilməsi, yeni texniki tədbirlərin görülməsi nəticəsində 2035-ci ildən sonra da bütün bu bölgələr su ilə təmin ediləcək.

Azərbaycanın inkişafı bu istiqamətdə uğurla gedir, hər bir istiqamətdə uğurla gedir. Bizim gördüyümüz işlərin təməlində Azərbaycan vətəndaşının zəhməti dayanır və biz bütün bu uğurları öz hesabımıza əldə edə bilmişik. Biz iqtisadi islahatlar, uğurlu enerji siyasəti aparmaqla müstəqil siyasətimizi təmin edə bilmişik. İqtisadi sahədə müstəqillik siyasi sahədə müstəqilliyi şərtləndirir və bu gün Azərbaycanın iqtisadi vəziyyəti çox müsbətdir.

Bizim valyuta ehtiyatlarımız artır, dövlət büdcəsindən maliyyələşən layihələr, o cümlədən infrastruktur layihələri ölkəmizi irəliyə aparır. İqtisadi sahədə gördüyümüz işlər özəl sektorun inkişafına səbəb olur və hazırda ölkə iqtisadiyyatının 83 faizi özəl sektorda formalaşır. Sosial siyasət çox fəal aparılır. Bu layihə, eyni zamanda, Azərbaycan dövləti tərəfindən aparılan sosial siyasətin təzahürüdür. Çünki bu layihə böyük vəsait tələb edir və bu vəsait heç vaxt suyun tarifləri ilə tam şəkildə geri qayıtmayacaq. Yəni bu layihənin iqtisadi səmərəsi çox aşağıdır. Biz buna bu prizmadan yanaşmırıq. Çünki bu layihə sırf sosial məna, sosial xarakter daşıyır - insanları təmiz içməli su ilə təmin edək və beləliklə, bu ciddi problemi həll edək.

Sosial siyasət bizim siyasətimizin ayrılmaz hissəsidir. Mən dəfələrlə demişəm ki, biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik və Azərbaycanın uğurları bunun əyani sübutudur. Ancaq bununla bərabər, biz güclü sosial siyasət aparılmadan inkişaf edə bilmərik. Çünki bizim bütün işimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı dayanır və Azərbaycan vətəndaşının rahat, rifah içində yaşaması bizim başlıca borcumuzdur. Ona görə sosial siyasətin aparılması müxtəlif istiqamətlərdə özünü büruzə verir – bu layihələrin icra edilməsində, kənd yollarının tikintisində, qazlaşdırma layihələrinin həyata keçirilməsində, sosial ödəmələrin, əmək haqqının, pensiyaların artırılmasında, sovet dövründən qalmış əmanətlərə kompensasiya verilməsində, ünvanlı sosial proqramın icra edilməsində. Bu siyahını davam etdirmək olar. Azərbaycan o nadir ölkələrdəndir ki, hətta böhranlı illərdə sosial proqramları ixtisar etməyib, əksinə onları artırıb”.

Dövlət başçısı Avropadakı iqtisadi böhrana və onun Azərbaycana təsirlərinə də toxunub: “İndi Avropada hökm sürən və hələ sonu çatmayan iqtisadi və maliyyə böhranı davam edir. Bu böhranın ikinci dalğası başlanıb. Artıq böyük ölkələr də bu çətinliklərlə üzləşirlər - sosial ödəmələr, iş yerləri, büdcə xərcləri ixtisar edilir. Ancaq biz Azərbaycanda bunun tam əksini görürük. Bu böhranlı illərdə biz sovet dövründən qalan əmanətlərin kompensasiyasına başlamışıq. Yəni, bu, böyük layihədir, böyük iqtisadi və maliyyə resursları tələb edən layihədir.

Bu böhranlı illərdə infrastruktur layihələrinə daha da böyük diqqət göstərilir. Dövlət büdcəsinin xərcləri daha da artırılır. Bizim ümumi xərclərimiz artır. Yəni, bu gün Azərbaycan reallıqları bundan ibarətdir. İndiki reallıqlarımızın başlıca səbəbi odur ki, biz öz hesabımıza yaşamışıq, borc almamışıq. Bizim dövlət borcumuz ümumi daxili məhsulda cəmi yeddi faiz təşkil edir. İnkişaf etmiş ölkələrdə bu, hətta 100 faizi də keçir, 80 faiz olan yerlərdə hesab olunur ki, orada dövlət borcu yaxşı səviyyədədir. Bizdə isə yeddi faizdir. Biz ayağımızı yorğana görə uzatmışıq və bu yanaşma hər yerdə olmalıdır – ailədə, siyasətdə, iqtisadi islahatların aparılmasında. Ona görə biz özümüzü tam əmin və rahat hiss edirik.
Valyuta ehtiyatlarımız ildən-ilə artır, enerji layihələrimiz bizə imkan verir ki, bundan onilliklər sonra da Azərbaycanı inkişaf yolu ilə irəliyə aparaq. Güclü sosial layihələrin icrası imkan verir ki, insanları ən çox narahat edən məsələlər həllini tapsın. Onların içərisində su layihəsi birinci yerdədir. Odur ki, bu gün toplaşdığımız mərasimdə başlanan layihəyə çox böyük önəm verilir və ona görə də biz bu gün təməl daşını böyük təntənə ilə qoyuruq. Çünki bu layihə doğrudan da ölkəmizdə gedən proseslərin əyani təzahürüdür. İnkişaf, sosial siyasətin aparılması, iqtisadi islahatların davam etdirilməsi və öz hesabımıza yaşamağımız bu gün Azərbaycan reallıqlarıdır.

Bütün statistik göstəricilər yüksək səviyyədədir. İlin sonuna qədər bütün proqramlar və infrastruktur layihələri həllini tapacaq. Beləliklə, biz bundan sonra da yalnız və yalnız inkişaf yolu ilə gedəcəyik.

2004-cü ildə bizim tərəfimizdən irəli sürülmüş, bu gün uğurla icra edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası Azərbaycanı hərtərəfli inkişaf etdirmək üçün əsas alət idi və bölgələrin inkişafı, bölgələrdə yeni iş yerlərinin, yeni müəssisələrin yaradılması artıq bir ənənəyə çevrilib. Elə həftə keçmir ki, hansısa yeni müəssisə, yeni istehsal sahələri yaradılmasın, yeni iş yeri açılmasın. Budur, Azərbaycan reallıqları. Bir daha demək istəyirəm ki, bu reallıqları biz təmin etmişik, Azərbaycan xalqı öz zəhməti ilə və Azərbaycan dövləti öz müstəqil siyasəti ilə”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR