Bank Of Baku

Milli Məclisin deputatları müxtəlif ölkələrdə səfərdədir

Milli Məclisin deputatları müxtəlif ölkələrdə səfərdədir
# 15 oktyabr 2012 16:39 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin (MM) Regional məsələlər komitəsinin və MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə Daimi komissiyasının sədri Arif Rəhimzadə, deputatlar Adil Əliyev və Aslan Cəfərov MDB Parlamentlərarası Assambleyasının tədbirlərində iştirak etmək üçün oktyabrın 15-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfərə yola düşüblər. MM-dən APA-ya verilən məlumata görə, deputatlarımız qurumun Sosial siyasət və insan hüquqları, İqtisadiyyat və maliyyə, Təhlükəsizlik və müdafiə məsələləri üzrə Daimi komissiyalarının, həmçinin MDB-də Terrorizm, cinayətkarlıq və narkobizneslə mübarizə sahəsində qanunvericiliyin uyğunlaşdırılması üzrə Birgə komissiyasının iclaslarında iştirak edəcək, müzakirəyə çıxarılan qanunvericilik aktlarına, quruma üzv ölkələr üçün hazırlanan model qanunlara dair fikirlərini bölüşəcəklər.

İclaslarda mədəniyyətlərarası dialoqun vacibliyi, vətəndaşların reproduktiv hüquqlarının müdafiəsi, dövlətin sosial strategiyası, immiqrantların inteqrasiyası, korrupsiyaya qarşı mübarizə, antikorrupsiya monitorinqi, qeyri-qanuni yolla əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı fəaliyyət, açıq telekommunikasiya şəbəkələrinin istismarının hüquqi baxımdan tənzimlənməsi, informasiya təhlükəsizliyinin təkmilləşdirilməsi və uzlaşdırılması kimi aktual məsələlər barədə sənədlərə baxılacaq.

Milli Məclisin deputatı Aslan Cəfərov İqtisadiyyat və maliyyə üzrə Daimi komissiyada “MDB PA-ya üzv ölkələrdə MDB PA-nın iqtisadiyyat və maliyyə sahəsinə dair model qanunlarının istifadəsi” mövzusunda məruzə edəcək.

Səfər oktyabrın 19-da başa çatacaq

Milli Məclisin deputatı İlham Əliyev isə Türkiyənin İstanbul şəhərində səfərdədir. O, burada keçirilən “Dövlətlərarası əlaqələrin inkişafında gənc liderlərin rolu” adlı beynəlxalq forumda iştirak edir. Tədbirdə dövlətlərarası münasibətlər sistemində gənclərin yeri və onların bu sahəyə təsiri barədə fikir mübadiləsi aparılacaq.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Ölkədaxili və qlobal təhlükəsizilk” mövzusunda forumda iştirak etmək üçün oktyabrın 16-da İsveçrənin Cenevrə şəhərinə səfər edəcək. Tədbir Krans-Montana Forumunun təşkilatçılığı ilə Beynəlxalq transmilli cinayət sammiti çərçivəsində keçirilir. Forumda beynəlxalq terrorizm, onun sahibkarlıq, sərmayə sahələrinə təsiri və bununla mübarizə üsulları, Afrika qitəsində, Aralıq dənizi regionunda, Avropada təhlükəsizliyin qorunması və digər məsələlər ətrafında müzakirələr aparılacaq. O, müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək. Səfər oktyabrın 21-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR