Bank Of Baku

Pənah Hüseyn: “Mənim Tiflisdə hakimiyyətin ünvanına qeyri etik ifadələr işlətməyimlə bağlı deyilənlər ağ yalan və böhtandır”

Pənah Hüseyn: “Mənim Tiflisdə hakimiyyətin ünvanına qeyri etik ifadələr işlətməyimlə bağlı deyilənlər ağ yalan və böhtandır”
# 27 iyun 2007 12:07 (UTC +04:00)
“Müsavat” deputat qrupunun Gürcüstana səfəri ilə bağlı Acarıstanın Batumidəki Azərbaycan icması, Tiflis Azərbaycanlılarının “Meydan” Təşkilatı, Gürcüstanın Gənc Azərbaycanlılar Birliyi və Gürcüstan Azərbaycanlıları İtifaqı birgə bəyanatla çıxış ediblər. Təşkilatlardan APA-ya daxil olan bəyanatda deputat qrupunun Gürcüstana səfərinin məqsədinin yerli azərbaycanlılara gizli qaldığı bildirilir: “Biz düşündük ki, müsavatçı deputatlar ilk növbədə azərbaycanlılarla görüşəcək, problemlərimiz haqqında eşidəcəklər. Amma sonra məlum oldu ki, deputat qrupu erməni və rus diasporları ilə əlaqələrə malik insanlarla, o cümlədən məşhur “Şarl Aznavur” fondunun nümayəndələri ilə görüşüblər”. Bəyanatda həmçinin deputat qrupunun rəhbəri Pənah Hüseynin Azərbaycan hakimiyyəti ilə bağlı qeyri-etik ifadələr işlətdiyi vurğulanıb. Bəyanat müəllifləri prezident və Milli Məclisin sədrinə müraciət edərək, həmin şəxslərin Gürcüstana gələrək, təxribat törətmələrinin qarşısını almağı xahiş ediblər.
P. Hüseyn isə APA-ya açıqlamasında bəyanatda yazılanların doğru olmadığını deyib. Onun sözlərinə görə, Gürcüstana getməzdən əvvəl oradakı Azərbaycan təşkilatlarının bu səfərdən xəbəri olub. P. Hüseyn Tiflisdə yalnız bir görüş keçirdiklərini, həmin görüşdə də “Gürcüstan mənim vətənimdir” təşkilatının rəhbərləri, “Qeyrət” hərəkatının üzvləri, azərbaycanlı ziyalılarla bərabər AzTV və ANS telekanallarının nümayəndələrinin də iştirak etdiyini bildirib: “Əgər həmin təşkilatlar da bu görüşdə iştirak etmək istəsəydilər, qatılardılar. Biz görüşlərdə hər hansı siyasi mənsubiyyət bölgüsü aparmamışıq. Məqsədimiz yalnız oradakı azərbaycanlıların problemləri ilə maraqlanmaq olub”. P. Hüseyn azərbaycanlılar yaşayan bir neçə kənddə olduqlarını, buradakı görüşlərin də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirildiyini deyib. P. Hüseyn Tiflisdə Heydər Əliyevin abidəsi önündə hakimiyyətin ünvanına qeyri-etik ifadələr işlətməsini “ağ yalan və böhtan” adlandırıb: “Mən, ümumiyyətlə, Tiflisdə bu abidənin qarşısına getməmişəm. Nəinki orada hansısa söz söyləyim”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR