Bank Of Baku

Qobustan dövlət tarix-bədii qoruğu Dünya Mədəni İrs Siyahısına daxil edilib

Qobustan dövlət tarix-bədii qoruğu Dünya Mədəni İrs Siyahısına daxil edilib
# 29 iyun 2007 08:22 (UTC +04:00)
Bunu Yeni-Zelandiyadan APA-ya eksklüziv açıqlamasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazirin sözlərinə görə, Qobustanın UNESCO-nun siyahısına daxil edilməsilə bağlı altı saat bundan əvvəl qərar qəbul olunub: “Baxmayaraq ki, ilkin təklif bu məsələyə bir ildən sonra qayıtmaqdan ibarət idi. İlkin mərhələdə bizim sübutlar yetərli hesab olunmamışdı. Lakin cənab prezidentin imzaladığı sərəncamın və Mehriban Əliyevanın UNESCO-nun baş katibinə ünvanladığı məktubunun surətinin təqdim olunmasından sonra müzakirələr davam etdirildi. Komitənin üzvlüyünə daxil olan 21 ölkənin hamısı Qobustanın Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi barədə qərara yekdilliklə səs verdilər. Bu, olduqca böyük bir hadisədir. Çünki Azərbaycanın cəmi iki abidəsi bu siyahıya daxildir. Dünyada cəmi 800-ə qədər abidə var”. Bunun böyük məsuliyyət olduğunu vurğulayan nazir, ildə bir dəfə bu komitənin toplantısının keçirildiyini də qeyd edib. Ə. Qarayev onu da bildirib ki, komitənin illik toplantısında hər hansı abidənin vəziyyəti komissiyanın rəyinə uyğun olmayıb, tələblərə cavab verməsə, onda abidənin siyahıdan çıxarılması təhlükəsi var: “Belə bir hadisənin baş verməsi imicə çox ciddi zərbə olar, digər tərəfdən isə həmin abidənin ikinci dəfə siyahıya salınması mümkün deyil. Biz bu məsuliyyəti dərk edirik. Bundan sonra Qobustan qoruğunun vəziyyəti ciddi nəzarət altında olmalıdır. Artıq orada beynəlxalq səviyyədə tədqiqatlar gedəcək. Bu siyahıya daxil olmaq Qobustanın tək Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə məxsus olmasından xəbər verir. Bu abidənin qorunması beynəlxalq təşkilat tərəfindən həyata keçirilir və dövlət bu təşkilatın qarşısında müəyyən öhdəliklər daşımaqdadır”. Nazir açıqlamasında vurğulayıb ki, bu öhdəliklər abidənin inkişaf planının hazılanması, axtarış və tədqiqatların davam olunması, turizm sisteminin təkminləşməsi, yolun çəkilməsi, yeni binanın inşası və orada olan həbsxananın başqa yerə köçürülməsindən ibarətdir. Bütün bu öhdəliklərin həyata keçirilməsi isə bir-iki ilin işi deyil, uzunmüddətli proqramdır. Ə.Qarayev Azərbaycanın daha hansısa abidəsinin bu siyahıya salınması barədə danışmağın çox tez olduğunu da qeyd edib: “ Hər bir abidənin təqdimatı çox uzun vaxt tələb edir. İldə bir siyahı təqdim olunsa, iki ildən bir Azərbaycanın bir abidəsi bu siyahıya salınsa, böyük hadisə olar. Ümumiyyətlə, hesab edirəm ki, bizim nümayəndə heyətinin işi imkan verdi ki, burada Azərbaycanın daha yaxşı tanısınlar, artıq Azərbaycan çox müsbət qarşılanır. Hesab edirəm ki, gələcəkdə bu kimi məsələləri biz illik hesabatlarda, toplantılarda təqdim edəcəyik”.
Qeyd edək ki, Qobustan qayaüstü rəsmlərinə Azərbaycan alimlərinin diqqətini 1930-cu ildə cəlb edib. Azərbaycan hökuməti 1966-cı ildə qayaüstü rəsmləri əhatə edən ərazini Qobustan dövlət tarixi-bədii qoruğu elan edib.
Qoruğun bütün dünya üçün əhəmiyyətini nəzərə alaraq, Azərbaycan hökuməti 2002-ci ildə onun Dünya İrsi Siyahısına daxil edilməsi məqsədi ilə tələb olunan sənədləri UNESCO-ya təqdim edib. Həmin məqsədlə 2006-cı ildə Qobustan Nominasiya İşi və İdarə Etmə Planı hazırlanmış və UNESCO-ya ünvanlayıb. Bu dövr ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun baş direktoru Kouşiro Matsuura Azərbaycana dəvət olunub, Qobustan abidələri ilə tanış edilib, UNESCO və İCOMOS-un ekspertləri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan Fəaliyyət Planına məsləhətçi dəstəyi verib, qoruğun qiymətləndirilməsini həyata keçiriblər. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR